Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN CHP millət vəkilinin ittihamlarına cavab verdi

Azərbaycan XİN CHP millət vəkilinin ittihamlarına cavab verdi

Tarix: 3 Fevral 2022 17:30

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasının şərh edilməsi ilə bağlı yerli KİV-in sualını cavablandırıb.

Sonxeber.net xəbər verir ki, L.Abdullayevanın sözlərinə görə, Azərbaycan XİN Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçısına qarşı irəli sürdüyü tamamilə əsassız ittihamlarla bağlı aşağıdakıları bildirir:

- İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.

Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

TANAP layihəsinin toplam investisiya məbləği 6.3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi zamanı təmin edilən məşğulluq sayı pik vaxtlarda 15.000 nəfərə çatmış və investisiya məbləğinin böyük hissəsi yerli istehsalçılar hesabına təmin edilmişdir. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə sənayesinə və müvafiq sektorlara böyük əlavə dəyər təmin edilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, bu layihədə qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi eyni zamanda layihədə BOTAŞ şirkəti vasitəsilə 30% ortaq olduğu üçün eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.

Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir.

Türkiyənin ən iri müəssisələrindən olan "Petkim"ə gəldikdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Türkiyə Respublikasında olan törəmə şirkəti SOCAR Türkiyə 2008-ci ildə 2 milyard 40 milyon ABŞ dolları investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olmuşdur. Növbəti illərdə "Petkim"ə qoyulan əlavə investisiyaların ümumi məbləği 1.2 milyard dollara çatmışdır.

Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq investisiyası əsasında "STAR" Neft emalı zavodunun tikintisi və onun "Petkim" neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə Respublikası ərazisində əlavə 2 milyard ABŞ dolları dəyərində məhsulların istehsalına şərait yaradıb. Belə ki, Türkiyədə əvvəllər həmin məhsulların xaricidən alınmasına 2 milyard ABŞ dolları xərclənirdi.

Azərbaycan və Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bugünədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaratmışdır.

CHP millət vəkilinin Azərbaycan və Türkiyə liderlərinin guya ki, "qarışıq və qaranlıq əlaqələri" kimi təqdim etdiyi tamamilə əsassız ittihamları rədd edirik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, iki xalq arasındakı qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.

Əfsuslar olsun ki, ilk dəfə deyil ki, CHP nümayəndəsi anti-Azərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz.

Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə, biz məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq.


Etiketlər:  Azərbaycan XİN millət vəkilinin ittihamlarına cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ