Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 20:54
Ermənistan hökumətinin "artsax məsələsi"ni israrla beynəlxalq gündəmdə saxlamaq cəhdləri bir-bir iflas olmaqdadır. Hətta Ermənistanı "kiçik bacı" sayan Fransa da belə cəhdlərin mənasızlığını anlamağa və tədricən 44 günlük müharibənin yaratdığı yeni gerçəyi qəbul eləməyə başlayıb.
Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş bu qənaətə öz "möhürü"nü basmış oldu. Belə ki, görüşlə bağlı Mişel və Makronun yaydığı birgə bəyanatda nə ATƏT-in üzdəniraq Minsk Qrupunun adı çəkilir, nə də ona hansısa istinad edilir. Daha önəmlisi, sənəddə "Dağlıq Qarabağ konflikti", ifadəsi, ümumiyyətlə Qarabağ sözü yoxdur.
Sonxeber.net kaim.az-a istinadən bildirir li,ötən il İlham Əliyev və Nikol Paşinyanın Moskvada, Soçidə və Brüsseldə keçirilmiş görüşlərdə də Minsk Qrupunun adı hallanmamış, İrəvanın "status" kimi hamını bezdirmiş tələbi ciddiyə alınmamışdı. Yəni artıq belə yanaşma davamlı, qalıcı xarakter almaqdadır ki, bu da rəsmi Bakının mühüm diplomatik uğuru, informasiya savaşında ciddi nailiyyəti hesab oluna bilər...
Dünənki videformatlı görüşdə da Minsk Qrupunun, "Dağlıq Qarabağ"ın adını yalnız bir nəfər çəkib - Nikol Paşinyan. Ermənistan hökumətinin yaydığı açıqlamada bu xüsusda belə bir cümlə yer alır: "Baş nazir Paşinyan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin və ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrliyi ilə Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb".
Amma birgə bəyanatdan göründüyü kimi, Nikolun bu sözlərini, daha dəqiqi, onun sülh müqaviləsini Qarabağ şərti ilə əlaqələndirməsini, üstəlik, bu prosesə MQ-ni qoşmaq çağırışını heç kim, hətta ermənilərin Avropadakı ən böyük dostları da ciddiyə almayıb. Bu, əlbəttə ki, ilk növbədə İrəvana həm də ciddi siqnaldır ki, onun Azərbaycanla sülh sazişini, yaxud sərhədlərin dəqiqləşdirilməsini aparıb "Qarabağ məsələsi"nə bağlaması mümkün olmayacaq.
Beləcə, Fransanın dönəm sədri olduğu Avropa İttifaqı Ermənistana aydın oxunan mesaj verir ki, boş yerə vaxt itirməkdənsə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinə davam etdirsin. Məlumdur ki, həmin gündəliyin əsasında Azərbaycanla münasibətlərin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər dayanır...
Təkrar vurğulayaq ki, söhbət təkcə 1 nömrəli ermənipərəst dövlət Fransanın yox, həm də MQ-nin həmsədri Fransanın, Avropa Birliyinə sədrliyə başlamış Fransanın (Avropa Birliyinin!) mövqeyindən gedir.
Başqa sözlə, Ermənistan artıq anlamaldır ki, "Qarabağ mövzusu", "status" məsələsi beynəlxalq gündəlikdən tamamilə çıxıb və dünya birliyi üçün, Avropa İttifaqı üçün daha maraq kəsb eləmir. Bunu həmsədrlərin çoxdandır bölgədə görünməməsi də təsdiq edir. Daha nə olmalıdır ki, İrəvan rəsmiləri öz ikibaşlı oyunları və təxribatları ilə böyük sülhün əldə olunmasını sabotaj eləməsinlər?..
Bu mənada Ermənistan üçün daha bir ismarış və ya bəd xəbər Bakıdan gəldi. Vdeoformatda keçirilən görüşlə eyni gündə məlum oldu ki, Avropa Birliyi Azərbaycana 2 milyarda avro maliyyə paketi ayırmaq barədə qərar verib. Bu qərarı isə Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıda (!), xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı açıqladı.
Yəni, artıq bu məsələdə də ədalət qismən təmin olunmuş sayıla bilər. Çünki təşkilat Ermənistana 2 milyard ayırsa da, erməni işğalından böyük ziyan görmüş ölkəmizə cəmi 140 milyon avro maliyyə nəzərdə tuturdu ki, bu da Azərbaycan xalqına qarşı qurumun böyük ədalətsizliyi idi, onun imicinə ciddi zərbə vururdu və Bakının haqlı narazılığına səbəb olmuşdu. Hərçənd ədalətin tam bərpasına hələ qalıb...