Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı siyasətçidən şok çağırış: Türkiyə ilə bir olmalıyıq - Rusiya, İran və İŞİD-ə qarşı...

Amerikalı siyasətçidən şok çağırış: Türkiyə ilə bir olmalıyıq - Rusiya, İran və İŞİD-ə qarşı...

Tarix: 10 Fevral 2022 17:18

ABŞ prezidentinin Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefrinin etiraf dolu maraqlı açıqlamaları var.

Sonxeber.net xəbər verir ki, "Yeni Müsavat"ın məlumatına görə, o, xüsusən Türkiyə haqda olduqca maraqlı danışıb. Cefrin bildirib ki, Birləşmiş Ştatlar Türkiyə amilini nəzərə almadan, Ankara ilə yaxınlaşmadan İŞİD, Rusiya və İrandan gələn təhdidlərin öhdəsindən gələ bilməz.

Sitat: "İllərdir dediyimiz kimi, bu dövrdə Türkiyə və ABŞ-ın xarici siyasətinin koordinasiyası böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə İŞİD, Rusiya və yaxın zamanda nüvə silahı istehsal edə biləcək İran tərəfindən təhdid edilir. Bunlar ciddi təhdidlərdir. Türkiyə üçün də təhdiddir. Türkiyəsiz bu təhlükələrə qarşı yaxşı siyasət aparıla bilməz, bu qədər sadədir", - amerikalı siyasətçi vurğulayıb.

Cefri bir sıra regional məsələlərə yanaşmada Türkiyə və ABŞ-ın eyni tərəfdə olduğunu bildirib: "Münaqişələrə, Suriyadakı mübarizəmizə, Əfqanıstandakı vəziyyətə, Kosovo və Ukraynadakı fəaliyyətlərimizə baxaq, bu məqamlarda Türkiyə və ABŞ eyni tərəfdədir". Onun sözlərinə görə, hər iki tərəfdən anlaşılmazlıq və yanlış diplomatiya ucbatından münasibətlərdə çətinliklər var, bunu həll etmək lazımdır: "Bunu ancaq prezident Ərdoğan və prezident Bayden səviyyəsində həll etmək olar. Görüş keçirilir, telefon danışığı aparılır, indi önəmli olan iki liderin ikinci dərəcəli məsələləri bir kənara qoymasıdır. "S-400"lərin alınmasına göz yumub, sözlərə yox, hərəkətə baxmaq olar".

Amerikalı siyasətçi hesab edir ki, Türkiyə öz ərazisini təhlükələrdən qorumaq üçün ABŞ-la yaxşı münasibətdə olmalıdır: "Burada əsas problem bu prosesin ABŞ-ın xarici siyasət sistemində ilişib qalmasıdır. Biz "soyuq müharibə"yə qədər təhlükəli dövrdəyik və ABŞ hökuməti təhlükənin fərqində deyil. Deyə bilərəm ki, 30 illik gərəksiz xarici siyasətin yükü altındadırlar. "Soyuq müharibə" dövründə etdiyimiz kimi, Yaponiya, Almaniya, Türkiyə və Fransa kimi əsas müttəfiqlərlə münasibətlərimizə üstünlük verilməlidir".

Cefrin etiraf edir ki, Vaşinqtonun Ankara siyasəti yanlış olub, iki NATO ölkəsi, müttəfiq dövlətlərin arasında yaşanan anlaşılmazlıq, Amerikanın ucbatından yaranmış soyuqluq məhz Türkiyənin Rusiyaya daha da yaxınlaşmasına səbəb olub. Lakin amerikalı siyasətçi unudur ki, ABŞ bu məsələdə xeyli gecikib. Çünki Ankara bundan sonra özünü Moskva ilə pis etməz. Hazırda bir sıra məsələlərdə Rusiya və Türkiyə arasında koordinasiyalı fəaliyyət mövcuddur, Qarabağ, Ukrayna ocaqlarında birgə addımlayırlar, əməkdaşlıq yüksək səviyyədədir, bu ayın ortalarında Putinin Ankaraya səfəri gözlənilir. İrana gəldikdə, Türkiyə və Azərbaycanın dəstəklədiyi, Rusiyanın da təqdir etdiyi 3+3 platformasında bizim cənub qonşumuz iştirak etməyə hazırdır. O baxımdan, ABŞ NATO-dakı müttəfiqi olan Türkiyəni İran və Rusiyaya qarşı mübarizəsində yanına ala bilməz.

Qabil Hüseynli: "Bayden Türkiyənin regional rolunu qiymətləndirə bilmədi"

Professor Qabil Hüseynli "Yeni Müsavat"a qeyd etdi ki, gecikmiş, amma həqiqətləri özündə ehtiva edən etirafdır. Onun sözlərinə görə, Bayden Türkiyənin regional rolunu qiymətləndirə bilmədi və ciddi səhvlərə yol verdi: "Zənnimcə, yaxın zamanlarda ABŞ-Türkiyə münasibətlərində buraxılmış boşluqlar düzəldilə bilər, buna böyük zərurət var. Vaşinqton bu münasibətlərin pisləşməsinə səbəb oldu. Ancaq bu əlaqələrin indi yaxşılaşmasının Rusiya və altılıq platformasına ciddi zərər gətirməyəcəyini düşünürəm. Çünki hər dövlətin strateji maraqları var". Q.Hüseynli hesab edir ki, bu gün Türkiyə İsraillə münasibətləri normallaşdırmağa çalışır: "Ardınca, Misirlə münasibətlər qaydaya salınmaq üzrədir. Ona görə Amerika ilə əlaqələrin düzəldilməsi labüd görünür. Adını çəkdiyim ölkələrlə əlaqələr yaxşı olarsa, daha güclü və təsirli, bölgədə özünəməxsus ağırlığı olan Türkiyə görə bilərik".

Azad Məsiyev: "Türkiyənin bu siyasəti Vaşinqton tərəfindən qısqanclıqla qarşılanır"

Siyasi ekspert Azad Məsiyev Türkiyənin regional güc dövləti kimi müstəqil siyasət yürütdüyünü düşünür. Onun qənaətinə görə, Türkiyənin bu siyasəti Amerikanın maraqlarına uyğun deyil və Vaşinqton tərəfindən qısqanclıqla qarşılanır: "Təkcə Suriya böhranı deyil, digər məsələlərdə də Ağ Ev qısqanclıq nümayiş etdirir. Çünki Türkiyə ədalətli mövqe sərgiləyir və Amerikadan da bunu tələb edir. Təəssüf ki, ABŞ terrorizmlə mübarizədə Türkiyənin istəklərinə dəstək vermir. Xüsusən PKK-nın YPG qanadının terror təşkilatı kimi tanınmasını istəyir, dövlət çevrilişinə cəhd etmiş FETÖ rəhbərinin ekstradisiyasını tələb edir, amma Amerika bu addımların heç birini atmır. Nəticədə soyuqluq yaranır". Ekspertin fikrincə, Türkiyə İran və Azərbaycan məsələsində regional güc mərkəzi olaraq adekvat siyasət aparır: "Amerikalı mütəxəssislər də bunu görərək Vaşinqtonu qınayırlar. Türkiyə NATO-da ikinci ən böyük dövlətdir, ona görə Amerika yanlışlığa yol verməkdədir".

Siyasi şərhçi Ramiyə Məmmədova isə ABŞ-ın Türkiyə kimi müttəfiqi itirmədiyini hesab edir. Onun fikrincə, son zamanlar London-Ankara yaxınlaşması da bariz nümunədir: "Həmçinin, Ərdoğan açıq bəyan etdi ki, əgər Rusiya Ukraynaya hücum edərsə, Türkiyə NATO dövləti kimi davranacaq. Bu, Amerikaya bir mesaj idi ki, sizinləyik. Baxmayaraq ki, Türkiyə Ukrayna məsələsində barışcıl mövqedən çıxış etməyə çalışır. Həmçinin bu əlaqələrin yaxşılaşması Baydendən sonrakı dövrə mümkün olacaq. Tramp dönəmində hər hansı ciddi soyuqluq müşahidə edilmirdi. Demokratlar hakimiyyətə gələndə müttəfiqlərindən həddən ziyadə tələb irəli sürürlər. Baydenin isə ən böyük səhvi qondarma soyqırım haqda danışması idi. Axı bu, Amerikanın nəyinə lazımdır?"

Ramiyə Məmmədova: "Ankaranın İran və Rusiya siyasəti tərəfdaşlıq üzərində qurulub, onlara qarşı yönəlməyib, ABŞ Türkiyəni Moskva və Tehranla düşmən edə bilməz"

Təhlilçi ABŞ-ın İran siyasətinin nisbətən yumşaldığını düşünür: "Amerika Türkiyəsiz problemlərin öhdəsindən gələ bilməz, bəli, həqiqətdir, amma Türkiyə də artıq əvvəlki deyil, müstəqil xarici siyasəti var, bölgədə gücdür, Ankaranın İran və Rusiya siyasəti tərəfdaşlıq üzərində qurulub, onlara qarşı yönəlməyib. ABŞ Türkiyəni yoldan çıxarıb Moskva və Tehranla düşmən edə, vəziyyəti gərginləşdirə bilməz. Artıq qonşu ölkələr anlayırlar ki, regionda birgə əməkdaşlıqla problemlərin öhdəsindən gəlmək mümkündür. Suriya böhranı da Ankara-Tehran-Moskva üçbucağında həllini tapmalıdır. Bütün bu yanlış siyasətin səbəbkarı Amerikadır və sonrakı peşmançılıq fayda verməz. Bu gün Türkiyə silah istehsal edən dövlətə çevrilib, bir sıra münaqişələrin həllində aparıcı rola malikdir. Eyni zamanda Cənubi Qafqazda mövcuddur və bu, bir tərəfdən ABŞ-ı da qane edir. Sadəcə, Amerikanın dollarla Türkiyəni vurması, "S 400" raket kompleksinə görə cəzalandırmaq istəyi, qırıcı təyyarələri verməməsi münasibətləri daha da qəlizləşdirib və bir NATO ölkəsini bu alyansla "soyuq müharibə"də olan Rusiya ilə yaxınlaşdırıb. Türkiyə dürüst və vicdanlı siyasət aparır, Amerika özü müttəfiqini itirməyi seçibsə, öz işidir. Hər halda, müttəfiq dövlət belə davranmalı deyildi".


Etiketlər:  Amerikalı siyasətçidən şok çağırış Türkiyə ilə olmalıyıq Rusiya İran İŞİD qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ