Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donbasdakı son vəziyyət açıqlandı: Atışmalarda ağır silahdan istifadə olunur

Donbasdakı son vəziyyət açıqlandı:  Atışmalarda ağır silahdan istifadə olunur

Tarix: 23 Fevral 2022 11:12

Ötən gün Ukraynanın Donbas bölgəsindəki separatçı qüvvələr atəşkəsi 96 dəfə pozub, atışmaların 81-də ağır silahdan istifadə olunub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Birləşmiş Qüvvələrin Əməliyyatının Qərargahı məlumat yayıb.

Atəşkəsin pozulması nəticəsində Ukraynanın 1 hərbçisi həlak olub, 1 nəfər yaralanıb, 5 nəfər isə travma alıb.

Bildirilib ki, Rusiya dəstəkli qüvvələr tanklardan, 120 mm və 82 mm-lik minaatanlardan, tank əleyhinə qumbaraatanlardan, avtomatik qumbaraatanlardan, ağır pulemyotlardan, atıcı silahlardan, BM-21 "Qrad"dan, 122 mm-lik artilleriyadan, MT-12 tank əleyhinə silahlardan atəş açıblar.

Cari gün ərzində isə 15 atışma qeydə alınıb, onlardan 14-də ağır silahlardan istifadə edilib. İtki yoxdur.

Məlumata görə, separatçılar 122 millimetrlik artilleriyadan, 120 millimetrlik minaatanlardan, tank əleyhinə və əl qumbaraatanlarından, ağır pulemyotlardan və atıcı silahlardan atəş açıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.


Etiketlər:  Donbasdakı vəziyyət açıqlandı Atışmalarda ağır silahdan istifadə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ