Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 20:56
Martın 11-nə olan məlumata görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 78 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.
Eyni zamanda, onun sözlərinə görə, Donetsk vilayətinin Mariupol və Volnovaxa şəhərlərinin və Kiyev vilayətinin İrpen şəhərinin həlak olan və yaralanan sakinlərinin sayı barədə hələlik dəqiq məlumat almaq mümkün deyil.
"Dünən Kiyev vilayətinin Skibin şəhərindən Brovarski adına xəstəxanaya 15 yaşlı oğlu ilə ata müraciət edib. O, avtomobilində rus silahlıları tərəfindən atəşə tutulub. Onlarda qəlpə yaraları var. Çerniqov vilayətinin Nejin şəhərində 17 nömrəli ümumtəhsil məktəbi, 25 nömrəli uşaq təhsil müəssisəsi, 6 nömrəli ailə həkimi ambulatoriyası "Uraqan"ların atəşi nəticəsində yararsız hala düşüb", - Ombudsman qeyd edib.
O vurğulayıb ki, Rusiya qoşunlarının bu cür hərəkətləri birbaşa Haaqa və Cenevrə konvensiyalarının pozulmasıdır.
"Rusiya uşaqların fundamental hüquqlarını - BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə dünyada hər bir uşağa təminat verilən həyat və sağlamlıq hüququnu kinli şəkildə pozmaqda davam edir. Mən beynəlxalq ictimaiyyəti və beynəlxalq insan haqları təşkilatlarına çağırış edirəm. Rusiya Federasiyasının hərbi hücumunu dayandırmağa kömək edin", - Denisova bildirib.
Aslan Məmmədov