Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb - FOTO

Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb - FOTO

Tarix: 17 Mart 2022 07:50

15 mart tarixində Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim "Morena" partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq Əlaqələr Komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov, digər millət vəkilləri, Meksika Xarici İşlər Nazirliyinin, QHT və yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili M.A.Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verən millət vəkili, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb, dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhvəsini verəcəyinə ümidvar olduğunu bildirib.

O, həmçinin, Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini xüsusi vurğulayıb. Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş bölgədə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Ölkəmizin Meksikadakı səfiri M.Talıbov çıxış edərək, Parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrin hər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib. Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir, münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib, bu xüsusda Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.

Qrupun üzvü, meksikalı pilot Serxio Peresin (Çeko Peres) atası deputat Marko Antonio Peres Qaribay çıxış edərək, oğlunun Azərbaycanda keçirilən Formula 1 yarışlarında üç dəfə qalib kürsüsünə çıxdığını vurğulayıb, Azərbaycan xalqı tərəfindən göstərilən qonaqpərvərlik və səmimiyyətə görə ölkəmizə xüsusi rəğbət bəslədiyini qeyd edib. Parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Qrupun digər üzvləri də çıxış edərək, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər.

Tədbirin sonunda Meksika-Azərbaycan Dostluq Qrupunun inaqurasiyasına dair Protokol aktı imzalanıb.

Tədbirdən sonra qrupun sədri M.A.Peres Navarrete, səfir M.Talıbov və qrupun digər üzvləri Deputatlar Palatasının plenar iclasında iştirak ediblər. İclas zamanı M.Talıbov protokol qaydasına uyğun olaraq, Palatanın prezidenti Serxio Qutyerres Luna tərəfindən salamlanıb. Sonda səfir M.Talıbovla Palatanın Prezidenti arasında qısa görüş keçirilib.

Tədbir Konqresin rəsmi kanalında canlı yayımlanıb və yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.


Etiketlər:  Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ