Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 11:54
Martın 16-da Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş "Muğam dünyasının Xanı" adlı kitabın təqdimatı və musiqili gecə keçirilib.
Tədbir açıq elan edib qonaqları salamlayan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bildirib ki, bu gün Beynəlxalq Muğam Mərkəzində əsl bayram əhvali-ruhiyyəsi yaşanır. Çünki biz Xan Şuşinskinin işığına toplaşmışıq. O, Azərbaycan muğamının əsas sütunlarındandır. Xan Şuşinski haqqında çox kitablar, məqalələr yazılıb, filmlər çəkilib. "Muğam dünyasının Xanı" kitabı isə həm müəllifin, həm də muğamsevərlərin həyatında xüsusi əhəmiyyət kəs edir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edərək diqqətə çatdırdı ki, müəllifin bədii əsərləri, hekayə, povest, xüsusilə də Qarabağın tarixi ilə bağlı yazıları, milli musiqiyə xidmət göstərmiş insanların taleyi, həyatı barədə araşdırmaları hər zaman ehtiramla qarşılanıb. Xan Şuşinskinin Azərbaycan musiqi sənətinin bir simvolu olduğunu söyləyən Rəşad Məcid vurğuladı ki, Səməd Vurğun, hətta dil açan körpələrin əzbərlədiyi "Azərbaycan" şeirini ruhumuza, qanımıza elə hopdurduğu , "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" misraları hər birimizin yaddaşında gözəl bir avazla səslənir.
Təqdimatda çıxış edən Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Əməkdar artist Azad Şükürov xanəndə ilə bağlı xatirələrini bölüşüb qeyd edərək ölməz sənətkarın səsini ruhumuzun qidası adlandırdılar. Müəllifə ölməz səsi bədiilikdə əbədiləşdirdiyi üçün təşəkkür ediblər.
Xan Şuşinskinin oğlu Aslan Cavanşirov və qızı Bəyimxanım Verdiyeva çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Kitabın müəllifi Mustafa Çəmənli bildirdi ki, nəşrdə 32 sənətkarın xatirəsi yer alıb. Müsahibləri ilə etdiyi söhbətləri vərəqə köçürən müəllif qeyd edib ki, onlar musiqi mədəniyyəti tarixində xüsusi yer tutduqları üçün hər bir sənətkar haqqında kitaba ensiklopedik məlumatlar əlavə edib.
Çıxışlardan sonra bədii hissə təqdim olundu. Gecədə Xan Şuşinskinin nəticəsi , Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Fərid Hüseynovun fortepianoda ifası maraqla qarşılandı. Konsertdə BMM-nin solistləri və Şuşa şəhər Musiqi Məktəbinin şagirdləri Xan Şuşinskinin repertuarından mahnı və təsniflər ifa etdilər. Əməkdar artistlər Gülüstan Əliyeva,Sevinc Sarıyeva, Bəyimxanım Vəliyeva, xanəndələr Nisbət Sədrayeva, Xəyalə Qafarzadə, Malik Həsənovun çıxışları maraqla qarşılandı. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) və Vasif Yusipli müşayət edirdi.