Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika senatorlarına Azərbaycan mədəniyyəti, tarixinə aid materiallar nümayiş etdirilib - FOTO

Meksika senatorlarına Azərbaycan mədəniyyəti, tarixinə aid materiallar nümayiş etdirilib - FOTO

Tarix: 24 Mart 2022 08:57

Meksika Birləşmiş Ştatları Senatı binasında "Beynəlxalq Novruz Bayramı Günü" təntənəli şəkildə qeyd olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib.

Tədbirdə Meksika Senatının sədri Olqa Sançez Kordero Davila, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri iştirak ediblər.

Öncə tədbirdə iştirak dən səfirliklər adından Meksika Senatına hədiyyə edilən və sülh rəmzi olan zeytun ağacının Senatın binasının həyətində əkilmə mərasimi keçirilib.

Sonra tədbiri açan Senatın sədri Olqa Sançez Kordero Davila tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq, bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu və bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirib. O, Novruz Bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirib. Xanım Kordero Davila Meksika Senatının tədbirdə iştirak edən səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.

Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso çıxış edərək, baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz Bayramının Azərbaycan, İran, Türkiyə və Gürcüstan Səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu ifadə edib və onlara bu tədbirin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib.

Novruz bayramının dünya azərbaycanlıların ən sevimli və əziz bayramlarından biri olduğunu, onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyini, bayramın zəngin ənənələrinin yaşatdığını bildirib. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edib. O, Novruz bayramının həm azərbaycanlılar, həm də ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə zəngin olduğunu bildirərək, həmin ənənələr barədə tədbir qonaqlarına danışıb. Eləcə də, 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğaldan azad edilmiş və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu bildirən diplomat, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mühüm yer tutduğunu, bu xüsusda bu kimi tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmasına imkan yaratdığını qeyd edib. Bu kontekstdə bir neçə gün öncə paytaxt Mexiko şəhərinin ən populyar Linkoln parkında Novruz bayramının təntənəli şəkildə qeyd edildiyini bildirib.

Tədbirdə həmçinin İran və Türkiyə səfirləri çıxış edib.

Bundan sonra Senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar nümayiş etdirilib, Novruz Bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib, materiallar paylanılıb. Azərbaycan masası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib.

Tədbir Meksika Senatının Televiziya kanalı və sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb, ölkə KİV-i tərəfindən işıqlandırılıb.


Etiketlər:  Meksika senatorlarına Azərbaycan mədəniyyəti tarixinə materiallar nümayiş etdirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ