Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O kişiyə görə heç vaxt ailə qurmadı, qardaşı güllələndi, rəfiqəsi ilə eyni məzarda dəfn olundu

O kişiyə görə heç vaxt ailə qurmadı, qardaşı güllələndi, rəfiqəsi ilə eyni məzarda dəfn olundu

Tarix: 25 Mart 2022 00:21

Milli.Az Kulis.az-a istinadən Azərbaycanın maarif xadimi, Azərbaycan SSR-nin əməkdar müəllimi, Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova haqqında maraqlı faktları təqdim edir.

Qəribsoltan Həsən bəy qızı Məlikova 11 iyun 1896-cı ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin ailəsinin altıncı övladı olaraq dünyaya gəlib.

***

Qəribsoltan orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olub pedaqoji fəaliyyətə başlayır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında şəhadətnamə təqdim edilir.

1915-ci ildən 1920-ci ilə qədər Bakıdakı rus-tatar qız məktəbində, Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyir, həm də pedaqoji kursda təhsilini artırır.

***

Qəribsoltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində attestat təqdim edilmişdir.

***

Qəribsoltanın iki bacısı uşaq yaşda vəfat edib. Böyük bacısı Pəri xanım Topçubaşova isə Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Fransada mühacirətdə olan Əlimərdan bəy Topşubaşov və Pəri xanım Topçubaşova orada da dəfn olunublar.

Onun böyük qardaşı Midhəd Məlikov Almaniyada ali mühəndislik təhsili alıb. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə qolları qandallı Bakıya gətirilərək güllələnib. 1990-cı ildə isə bəraət alıb. Mənbələrdə yazılan məlumata görə, Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulançay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub.

***

Qəribsoltanın digər qardaşı Safvet Məlikzadə itkin düşüb. Sonralar onun ailəsi ilə birlikdə Ankarada yaşadığı bəlli olub.

Həyatında baş verən amansız hadisələrdən, ata və anasının, qardaşının ölümündən sonra Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəyən Qəribsoltan ikinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla tanış olur. Nanə xanım onun ata tərəfdən qohumu olur. Onlar birlikdə Zərdaba gedərək hər ikisi orta məktəblərdə müəllim kimi çalışırlar.

***

Uzun illər rəfiqəsi Nanə ilə birlikdə yaşayan Qəribsoltan Nanə ailə həyatı qurandan sonra da onların ailəsində yaşamağa davam edir.

Heç vaxt ailə qurmayan Qəribsoltanın övladı olmayıb. O, ömrünü Nanənin uşaqlarını və nəvələrini böyütməyə həsr edir. Nanə xanımın nəvəsi görkəmli bəstəkar Rauf Hacıyev müsahibələrinin birində bu haqda deyir:

"Məni də, bacılarımı da Qərisoltan nənə böyüdüb. Qəribsoltan nənə həmişə mənə qardaşının adını - Safvet deyirdi. Hətta o deyirdi ki, oğlunuz olsa adını Safvet, qız olsa isə mənim adımı qoyun. Bizim də qızımız oldu. Adını da Qəribsoltan qoyduq. Atam Rauf müəllim Qəribsoltan nənəni çox sevərdi. Hətta o öz anası Nanədən də çox Qəribsoltanı sevərdi. Nanə bir az erkən vəfat etdi. Onun uşaqlarını, yəni atamgili Qəribsoltan nənə böyüdüb. Qəribsoltanın özünün uşaqları yox idi. Biz onun övladları, nəvələri idik. Bildiyimə görə o, bir oğlanı həddindən çox sevib. Oğlan isə vəfasız çıxıb. Qəribsoltan da qəti qərarlı qadın idi. Bundan sonra həmin oğlanı həyatından həmişəlik silib. Və heç vaxt evlənməyib. Qəribsoltan nənə bizimlə birlikdə yaşayırdı. Hamımız bir evdə olurduq. Atamın da, Qəribsoltan nənənin də evi birlikdə idi. İki evi birləşdirmişdik".

Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə "Azərbaycan SSR-nin Əməkdar müəllimi" adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək "Xalq məktəblərinin müəllimi" adına layiq görüldüyü də göstərilir.

***

Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat edir. O, dünyasını dəyişməzdən əvvəl vəsiyyət edir ki, öləndə onu rəfiqəsi Nanənin yanında dəfn etsinlər. Belə də olur, dünyasını dəyişəndən sonra onu Nanə ilə eyni məzarda dəfn edirlər.

Milli.Az


Etiketlər:  O kişiyə görə heç vaxt ailə qurmadı qardaşı güllələndi rəfiqəsi ilə eyni məzarda dəfn olundu


RƏYLƏR