Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 08:33
Qazaxıstan hakimiyyəti ölkənin siyasi sistemini transformasiya etmək üçün 2022-ci il iyunun sonuna qədər konstitusiyaya dəyişiklik etmək niyyətindədir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Respublika Senatının spikeri Maulen Aşımbayev deyib.
Söhbət Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin elan etdiyi islahatlardan gedir. O, super-prezident idarə formasını aradan qaldırmaq, parlamentin səlahiyyətlərini gücləndirmək, siyasi partiyaların qeydiyyatını sadələşdirmək, hakimiyyətin bir hissəsindən imtina etmək və qarışıq seçki sistemini tətbiq etmək niyyətindədir. Bu təşəbbüslərin həyata keçirilmə vaxtı əvvəllər açıqlanmayıb.
"Biz bu prosesi təxirə salmayacağıq. Çox güman ki, sessiyanın sonuna - iyunun sonuna kimi biz əsas dəyişiklikləri yəqin ki, qəbul edəcəyik", - Aşımbayev bildirib.
Senatın sədri bu düzəlişlərin parlamentin səlahiyyətləri çərçivəsində qəbul ediləcəyini və ya referenduma çıxarılacağını dəqiqləşdirməyib. Eyni zamanda, o vurğulayıb ki, islahatlar həyata keçirildikdən dərhal sonra deputatlar respublikanın siyasi strukturunun yenilənməsi üçün nəzərdə tutulmuş yeni qanun layihələrinin hazırlanmasına başlayacaqlar.