Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 19:45
Bəzən əl dırnaqlarını yeyən uşaqlarla rastlaşırıq. Virus mənbəyi olan dırnaqlar orqanizmdə müəyyən zamandan sonra ciddi fəsadlar yaradır. Azyaşlı uşaqlarda isə həmin təhlükə ikiqat artır. Daim əli ağzında olan uşaqlar normadan üç dəfə artıq mikrob udmuş olur.
Dırnaq kerotin maddəsindən ibarət olduğuna görə təmiz olsa belə onu yeməyin fəsadları qaçılmazdır, çünki əllər nə qədər yuyulsa da, dırnaq altında toplanan mikroblar təmizlənmir. Təcrübə göstərir ki, uşaqlarda dırnaqyemə vərdişi təxminən 2-4 yaşından formalaşır.
Sonxeber.net xəbər verir ki, həkim-pediatr Səidə Əhmədova deyib: "Evdə və ya məktəbdə danlanacağını və ya etdiyi səhvə görə hansısa cəzanı alacağını biləndə, özünü düzgün ifadə etməyi bacarmayanda, yeni insanlarla tanış olanda, özünü düzgün qiymətləndirə bilməmək nəticəsində aqressiya yarananda dırnaqyemə halına rast gəlmək olur. Uşaqlarda dırnaqyemə halları irsi də ola bilər, valideynlərin hansındasa dırnaq yemə vərdişi olubsa, uşaqda təkrarlana bilər".
Uşaqlarda dırnaqyemə zamanla xroniki hal aldığına görə əllər görkəmini itirir, barmaqların dırnaq olan hissəsi yaralı və ya kəsilmiş kimi görünür. "Uşaqlarda dırnaqyemə bir neçə xəstəliyə səbəb ola bilər. Mikroblar dırnağın altında toplandığından həzm sistemi vasitəsilə bağırsaqlarda artıb çoxala, mikrofloranın pozulmasına səbəb ola bilər", - deyə S. Əhmədova bildirib.
Mütəxəssislərin fikrincə, dırnaqyemə bəzən ağır psixoloji pozuntunun əlaməti sayılır. Həmin vərdiş insanların içində olan daxili qarşıdurmanı əks etdirir. Həkim-pediatr deyib: "Valideynlər uşaqları dırnaq yeməyə görə danlamaqdansa, həmin vərdişin orqanizm üçün nə dərəcədə ziyanlı olduğunu, mikrobların dırnaq altında tolanılaraq bağırsaqlarda artıb çoxalmasını şəkil və ya video vasitəsilə onlara göstərsinlər".
Valideynlər uşaqların dırnaq gigiyenasına qulluq etməklə həmin vərdişi tərgitməkdə kömək edə bilərlər.