Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 11:32
Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba NATO-ya üzv olan ölkələri Rusiyanı məğlub etmək üçün ölkəsini bütün lazımi silahlarla təmin etməyə çağırıb.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, Kuleba bu barədə Brüsseldə Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə birgə brifinqdə bildirib.
"Mən Brüsselə NATO-nun nazirlər toplantısında iştirak etmək və müttəfiqlərlə ikitərəfli görüşlər keçirmək üçün gəlmişəm. Mənim gündəliyim çox sadədir. Onun cəmi üç bəndi var: silahlar, silahlar və silahlar", - Kuleba deyib.
"Biz əminik ki, hazırda Ukraynaya kömək etməyin ən yaxşı yolu müharibənin daha da genişlənməməsi üçün Ukrayna ərazisində Rusiya ordusunu məğlub etmək üçün lazım olan hər şey ilə təmin etməkdir", - deyə nazir bildirib.
O əlavə edib ki, son həftələrdə Ukrayna ordusu və xalqı döyüşməyi və qalib gəlməyi bildiyini göstərdi, lakin Ukraynanın tələb etdiyi bütün növ silahların davamlı və kifayət qədər təchizatı olmadan bu qələbələr böyük itkilərlə müşayiət olunacaq.
"Biz nə qədər çox silah alsaq və onlar Ukraynaya nə qədər tez çatsa, bir o qədər çox insan həyatı xilas ediləcək, bir o qədər çox şəhər və kənd dağıdılmayacaq, bir o qədər də Buça olmayacaq. Bu mənim müttəfiqlərə mesajımdır. Mən bütün müttəfiqləri bütün şübhələri, istəksizliyi bir kənara qoymağa və Ukraynanı ehtiyac duyduğu hər şeylə təmin etməyə çağırıram, nə qədər qəribə səslənsə də, lakin bu gün silahlar sülh məqsədlərinə xidmət edir", - Kuleba vurğulayıb.
Aslan Məmmədov