Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 13:09
Bakı. Elçin Mehdiyev – Trend:
1993-cü ildən Azərbaycanda milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, siyasi partiyalar cəmiyyətin institutlarıdır: “Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatları, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir. Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən də Bakıda belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm də xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər”.
Siyasi fəaliyyətini söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildrən Ə.Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: “İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Bu yoldan çəkilməyənlərə nə etmək olar, bu onların seçimidir. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin