Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 13:06
Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Musiqi palitrası" adlı konsert proqramı təqdim olundu. Proqramda Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Prezident mükafatçısı İnarə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış etdi. Sevilən vokal ifaçını pianoçu Roza Səlimova müşayiət edirdi.
Konsertin adından da məlum olduğu kimi əsrarəngiz musiqi palitrasında ifaçı bir-birindən maraqlı rəng çalarlarını təqdim etdi. Bu palitrada hər bir əsərin rəngi ilə yanaşı səsin də rəngi və ətrini duymaq, hiss etmək olurdu. Bəzən boz, bəzən əlvan, isti və soyuq rənglərlə təqdim olunan musiqi palitrasında A. Stradella, V.Bellini, Dvorjak, Tofiq Quliyev kimi sənətkarların sənət dünyasının rənglərinə səyahət tamaşaçılara xoş təəssürat bəxş etdi.
Qeyd edək ki, səhnədə yüksək professionallıqla çıxış edən İnarə Babayeva ifası zamanı zəngin səsi ilə ən yüksək notlarda asanlıqla hərəkət edə bilməsi, güclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəmi ilə tamaşaçılara sənətin estetikasını ötürə bilir. İfa etdiyi əsərlərin xarakterini yaşamaqla aktyorluq bacarıqları ilə diqqəti cəlb edən ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları məharətlə ifa edir.