Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 20:54
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişi və qadınlara da eyni münasibətin tətbiq edilməsi və həmin kateqoriyadan olan şəxslərin belə işlərdə işləməsi səbəbindən səhhətlərində problemlərin meydana çıxması riskinin olması baxımından onlara əmək pensiyası təyin olunarkən onların fərdi şəxsi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaması tələbi ləğv olunur.
Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda güzəştlərlə unifikasiyası məqsədilə kişi və qadınlar üzrə yaş həddinin Qanunun 7-ci maddəsinə əsasən müəyyən edilən yaşdan 15 il azaldılmaqla təyin edilməsi nəzərdə tutulur.
Başqa sözlə, qüvvədə olan qanuna əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ var. Layihəyə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.