Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 11:24
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Quba rayonunun ərazisində yerləşən "Mirzəqışlaq", "Talıbqışlaq", "Qaralçay" və "Qudyalçay" qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, araşdırma gedişatında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılmış ərazilərdə və ayrılmış ərazilərdən kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edildi.
Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.