Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Tarix: 13 Sentyabr 2019 11:39

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Rəşad Azadlıdır. Rəşad 679,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub.

O, 2002-ci ildə Kürdəmir rayonunda anadan olub. 2009-2017-ci illərdə Kürdəmir rayonundakı Siyavuş Paşayev adına 6 saylı orta məktəbdə təhsil alıb. Daha sonra 2017-2019-cu illərdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 147 saylı Texniki Humanitar liseyi bitirib.

- Qəbul imtahanını necə xatırlayırsız?

- İlk qəbul imtahanında çox həyəcanlı idim, çünki təcrübəsiz idim, apreldə ilk dəfə kurrikulum üzrə imtahan verirdim. Yaxşı nəticə əldə etdiyim üçün ikinci imtahan həyəcansız və rahat keçdi.

- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

- Atam neft-qaz sahəsində çalışır, əsas həvəsim ondan qaynaqlanıb. Uşaq vaxtından atam kimi neft-qaz sahəsi üzrə mütəxəssis olmaq istəmişəm.

- Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

- Ali Məktəb barədə atamdan eşitmişdim, oxuduğum orta məktəbdə də eşidirdim. Təhsilin keyfiyyəti və tələbkarlıq haqqında çox danışırdılar. Özüm Xətai rayonunda yaşayıram, demək olar Ali Məktəbin binasını tez-tez görürdüm, məktəbli vaxtından hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum.

- Niyə məhz Bakı Ali Neft Məktəbini seçdiniz?

- Seçdiyim ixtisas qrupu üzrə ölkənin ən prestijli ali məktəbi BANM olduğu, həm də tələbələrə ingilis dilində yaxşı təhsil və təcrübə imkanları təqdim etdiyi üçün sənədlərimi məhz Bakı Ali Neft Məktəbinə verdim.

- BANM-də oxumaq hədəfinizə necə çatdınız?

- Düşünürəm ki, məsuliyyətli olmaq, mütəmadi olaraq dərslərə diqqət ayırmaq və yaxşı oxumaq yetərli deyil, həm də abituriyent gərək lazımlı formada dincəlməyi də bacarsın. Beyin dincəlməlidir ki, insan güc toplasın. Məsələn, mən dərslərdən yorulanda şahmata vaxt ayırırdım, dostlarla şahmat oynayırdıq, sonra gəlib yenidən dərslərimə davam edirdim.

- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?

Ailədə dörd nəfərik, əkiz qardaşımla bərabər neft-qaz sahəsinə qəbul olmuşuq. Qardaşın Rəşid də mənimlə birgə Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. Atamdan ixtisasıma həvəs keçib. Anam rus dili müəlliməsidir, uşaqlıqdan təhsilə ciddi fikir verməyimdə anamın xüsusi rolu var.

- Ən böyük arzunuz?

- Hazırda ən böyük arzum yoxdur, sadəcə mərhələli arzu deyərdim buna. İndi istəyirəm BANM-də təhsilimi başa vurub öz sahəmdə iş tapım. Sonrakı mərhələdə dünya turuna çıxmaq, ən çox da ixtisasımla bağlı yenilikləri öyrənmək istəyirəm.

- Hobbiləriniz nədir?

- Basketbol oynamaq, kitab oxumaq, idmanla məşğul olmaq.

- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?

- Kompüter sahəsinə çox marağım var, ixtisasımla paralel olaraq proqramlaşdırma biliklərinə yiyələnmək istəyirəm.

- Hansı janrda kitablar oxuyursuz?

- Fantastika və detektiv janrı mənə cəlbedici gəlir, əsasən Harri Potterin müəllifi Coan Ketlin Roulinq, Çingiz Abdullayev, Aqata Kristi sevimli yazıçılarımdır.

- BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

- Beş illik təhsil zamanı əsas hədəfim neft-qaz sahəsi üzrə peşəkar mütəxəssis olmaqdır. Eləcə də rus və ingilis dillini daha da təkmilləşdirmək və sosial bacarıqlarımı, ünsiyyət vərdişlərimi daha da inkişaf etdirməyi planlaşdırıram. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi mənə bu istiqamətdə kömək olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rəşad Azadlı Hədəf qoymuşdum Bakı Neft Məktəbinin tələbəsi olum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ