Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsl fransız seçkisi - İki pisdən hansı yaxşıdır?

Əsl fransız seçkisi - İki pisdən hansı yaxşıdır?

Tarix: 21 Aprel 2022 16:06

Bazar günü Fransa öz tarixinin ən önəmli günlərindən birinə imza atacaq. Aprelin 10-da ölkədə keçirilmiş prezident seçkilərinin birinci turunda liderlik edən Emmanuel Makron əzəli rəqibi Marin Le Penlə mübarizəyə qatılacaq. Tərəfdarları qarşısında çıxış edən Makron onları aprelin 24-də yeni fransız və Avropa erasını seçməyə çağırıb.

Ukrayna diqqət mərkəzində olub

Ötən gün sonuncu debata çıxan Makron və Le Pen Ukraynaya daha çox diqqət yetiriblər. İki siyasətçinin mübahisəsində əsas mövzulardan biri Rusiya ilə münasibətlər və onun Ukraynaya hücumu olub. Makron Le Peni qabaqlasa da, prezidentliyin taleyi bəlli deyil, çünki fransızların 10 %-dən çoxu hələ kimə səs verəcəyini qərarlaşdırmayıb. Makron və Le Pen sonuncu dəfə 5 il əvvəl, 2017-ci ildə teledebatda görüşüblər. Əvvəlkindən fərqli olaraq Le Pen bu dəfə daha təmkinli olub. Lakin müzakirə zamanı o, Makronu çaşdıra bilməyib və indiki prezident daha aqressiv davranış xətti seçib.

Rusiya haqqında mübahisə

Rusiya və Ukrayna arasındakı müharibə Makron və Le Pen arasında müzakirələrin ən mühüm mövzusuna çevrilib. Bununla belə, hər iki siyasətçinin Kremllə uzunmüddətli münasibətləri var. Rusiyanın hücumuna az qalmış Makron Moskvaya səfər edən azsaylı Qərb siyasətçilərindən biri idi. Fevralın 24-də rus qoşunları Ukraynaya daxil olduqdan sonra Makron Rusiyanın hərəkətlərini kəskin şəkildə pisləyib və Qərbin Kiyevə silah satışı və iqtisadi sanksiyalar da daxil olmaqla sərt cavabını dəstəkləyib. Le Pen uzun müddətdir ki, Putinin əsas Avropa müttəfiqlərindən biri hesab olunurdu. 2017-ci il seçkilərindən əvvəl o, Rusiyanın Krımı ilhaqının qanunsuzluğuna inanmadığını deyərək, "referendum oldu, Krım sakinləri Rusiyaya qoşulmaq istəyirdi" demişdi. 2016-cı ilin noyabrında BBC-yə müsahibəsində o, Rusiya prezidenti Vladimir Putinin idarəetmə tərzini ağıllı proteksionizm adlandırıb və əlavə edib ki, o, "ölkəsinin maraqlarını, onun kimliyini müdafiə edir".

"Sən Rusiya hakimiyyətindən, Putindən asılısan"

Bu dəfə də debat zamanı Makron Le Peni belə mövqeyə görə tənqid edib - və onun partiyasının 2014-cü ildə Rusiya hakimiyyətinə yaxın olan Birinci Çex-Rusiya Bankından aldığı 9 milyon avroluq krediti xatırladıb. "Sən Rusiya hakimiyyətindən, Putindən asılısan", - Makron ona deyib. "Rusiya ilə danışanda bankirinizlə danışırsınız", o əlavə edib. "Bu asılılıq bir çox hərəkətlərinizi izah edə bilər" deyə Makron bəyan edib. Fransa prezidenti Le Penin Krımla bağlı dediklərini də xatırladıb və hansı əsasla onu Rusiyanın bir hissəsi hesab etdiyini soruşub. Cavabında Le Pen özünü "tamamilə və hər cəhətdən azad qadın" hesab etdiyini bildirib. O, Birinci Çex-Rusiya Bankına müraciət etmək qərarını belə izah edib: "Bu, ona görə baş verib ki, heç bir Fransa bankı mənə kredit vermək istəməyib". Eyni zamanda, Le Pen Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyib. "Ukraynanın qurbana çevrildiyi təcavüz qəbuledilməzdir", - deyən Le Pen Kiyevə və Qərbin ukraynalı qaçqınları qəbul etməsinə kömək etdiyini bildirib. Bununla belə, o, xəbərdarlıq edib ki, Ukraynaya silah tədarükü Fransanı hərbi əməliyyatlara cəlb edə bilər.

Makron və Le Pen daha nə haqqında mübahisə etdilər?

2 saat 45 dəqiqə davam edən Makron-Le Pen debatının böyük hissəsi qiymətlərin, o cümlədən enerji qiymətlərinin kəskin artmasına həsr olunub. "Milli Assosiasiya" rəhbəri enerjiyə görə əlavə dəyər vergisinin azaldılmasına, digər vergilərin azaldılmasına və 30 yaşına çatmamış şəxslər üçün gəlir vergisinin tamamilə aradan qaldırılacağına söz verib. Makron qiymət həddi tətbiq etmək qərarının "vergi endirimlərindən iki dəfə təsirli" olduğuna qarşı çıxıb. Son illərdə Le Pen Fransanı Avropa İttifaqından tamamilə çıxarmaq niyyətindən əl çəkib, indi o, Aİ-də islahatların tərəfdarıdır. Makron cavab verib ki, rəqibinin "müxtəlif xalqların Avropası" ideyası Aİ-nin sonu demək olacaq. "Siz insanlara yalan satmağa çalışırsınız" deyə Fransa prezidenti bəyan edib. Makron və Le Pen arasında kəskin fikir ayrılığının başqa bir məqamı miqrasiya və İslama münasibətdir. Mühacir əleyhinə olan Le Pen Fransada kimin qala biləcəyi və kimin getməsi ilə bağlı referendum keçirəcəyini vəd edib. O, fransızların özlərini etibarsız hiss etməsinə səbəb olan "anarxist və kütləvi immiqrasiyanı" pisləyib. Bundan əlavə, Le Pen yenidən müsəlman qadınların hicab taxmasına qadağa qoymağa çağıraraq, qadınların "İslam təzyiqindən" azad edilməli olduğunu müdafiə edib. Buna cavab olaraq Makron İslamı islamçılıqla qarışdırmamağa çağırıb və belə bir siyasətin Fransa dəyərlərinə zidd olduğunu və vətəndaş müharibəsinə səbəb olacağını bildirib. Makron və Le Pen pensiya yaşı haqda da mübahisə ediblər: hazırkı prezident onun 62-dən 65-ə qaldırılmasını təklif edir, "Milli Assosiasiya"nın rəhbəri buna qarşıdır.

Seçkilərin region üçün önəmi

Bu seçkilər Azərbaycan cəmiyyəti üçün də maraqlıdır. Ən əsası namizədlərdən Valeri Pekressin bu ilin yanvarında Qarabağa qanunsuz səfər etməsi baxımından. Fransanın prezidenti olmaq istəyən Pekress öz ölkəsinin xalqını və problemlərini bir kənara ataraq, ermənilərin arxasınca düşmüş, bununla seçki marafonunda önə çıxacağını hesablamışdı. Rəy sorğuları göstərir ki, dörd gün sonra seçki məntəqəsinə gedəcək olan Fransa seçiciləri Pekressi dəstəkləmək niyyətində deyil: Valeri 9,5 faiz səslə beşinci sıralamada yer alır, hətta seçkidə səs qazanmaq üçün erməni kartını onunla birlikdə istifadə edən digər namizəd Erik Zemmurdan belə geridədir, halbuki, xanım namizəd Zemmurdan fərqli olaraq, təkcə Ermənistana yox, həm də Azərbaycan torpaqlarına qanunsuz səfər etmişdi. Hazırki göstəricilər təsdiq edir ki, Pekressi nə erməni kartı, nə erməni icması, nə də Paşinyan xilas edə bildi. Qeyd edək ki, Fransada güclü erməni icması mövcuddur. 700 minə yaxın erməninin 400 mini səs vermə hüququna malikdir. Fransanın daxili və xarici siyasətdə bu şəbəkənin təsir imkanları var. Lakin ümid etmək olar ki, kimin seçilməsindən asılı olmayaraq növbəti prezident reallığı nəzərə alacaq. İllər uzunu tutduğu ermənipərəst mövqeyi bir kənara qoyub, mövcud reallıqla barışmalı olacaq. fakt odur ki, artıq nə Fransanın həmsədri olduğu Minsk qrupu, nə də onun vasitəçiliyi var. Və qərəzli, birtərəfli mövqe tutmaqdansa, iki ölkə arasında sülh prosesinin bərqərar olmasına çalışsa yaxşı olar. Bu mövqe regionun, o cümlədən Fransanın da regionda mövqeyinin güclənməsinə səbəb ola bilər.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Əsl fransız seçkisi İki pisdən hansı yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ