Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 10:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ilk nöbvədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirdi, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu dedi.
Dövlətimizin başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirdi.
İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğuladı.
Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirdi və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü dedi, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə etdi.
İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini dedi. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.