Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kremlin heyrətamiz “ikili standartı” - Rusiyadakı milli respublikalar da müstəqillik istəsə...

Kremlin heyrətamiz “ikili standartı” - Rusiyadakı milli respublikalar da müstəqillik istəsə...

Tarix: 30 Aprel 2022 14:38

Orada deyilir ki, dövlətin bu və ya digər ərazisi öz müqəddəratını təyinetmə hüququndan istifadə edərkən mərkəzi orqanlara suverenlik elan etmək üçün icazə almaq üçün müraciət etməyə borclu deyil. Bu, Kosovo haqqında deyilib. Və bu qərar hamı tərəfindən dəstəkləndi. Mən şəxsən ABŞ rəsmilərinin, Avropa ölkələrinin bütün şərhlərini oxudum, hamısı bunu dəstəklədi. Əgər belədirsə, onda "DNR" və "LNR" də Ukraynanın mərkəzi orqanlarına müraciət etmədən öz suverenliklərini bəyan etmək hüququna malikdirlər. Çünki artıq presedent yaradılıb".

Yəni Rusiya lideri iddia edir ki, "DNR" və "LNR"i tanımaqla guya beynəlxalq hüququ pozmayıb, Kosovo tanınıbsa, Donbasdakı separatçı qurumlar da tanına bilər.

Rusiya prezidenti düzmü deyir? Azərbaycanın Qarabağ bölgəsi üçün də belə təhlükə varmı? Ermənilər də illərdir deyirlər ki, biz Bakıdan icazə almalı deyilik. Başqa yandan, görəsən Rusiyanın daxilindəki milli subyektlər (Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və s.) də Moskva ilə razılaşdırlmadan referendum keçirib müstəqil olmaq istəsə, Kreml onlara da "DNR" və "LNR" kimi eyni gözlə baxacaqmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat"a bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinin BMT baş katibi ilə görüş zamanı qaldırdığı məsələ özünəbəraət üçündür: "Eyni zamanda, Putinin bu məsələni dilə gətirib "presedent" adlandırması digər postsovet respublikaları daxilindəki separatizm ocaqlarını ruhlandıran olduqca qorxulu bir tendensiyadır. Belə hesab edirəm ki, bu, Rusiya liderinin özünü müdafiə instinktindən gələn bir təhlükəli mövqedir. Kosovonun nümunə kimi göstərilməsi heç də yaxşı niyyətdən xəbər vermir. Əslində Kosovo ilə separatçı bölgələri eyniləşdirmək düzgün yanaşma deyil. Luqanskla Donetski Kosovanı eyniləşdirmək başadüşülən deyil və çox yanlış müqayisədir. Əgər Putinin dediyi kimi bu cür presedentlər davam etsə, onda Rusiyanın ərazisində olan çoxsaylı başqa millətlərin nümayəndələri var və onların sayı milyonlarladır, sabah onlar da çıxıb müstəqilliklərini elan edə bilərlər. Onda gərək Kreml buna heç bir mənfi reaksiya verməsin. Putinin dediyindən belə çıxır ki, Dağıstan, Tatarıstan və digər milli subyektlər istənilən vaxt Moskva ilə razılaşmadan müstəqilliklərini elan edə bilər. O zaman Moskva gərək Çeçenistanda baş qaldıran müstəqillik mübarizəsinə qarşı amansız davranışı təkrarlamasın. Çeçenistanda milli müstəqillik uğrunda baş qaldıran hərəkatlar məhz Putinin gəlişindən sonra amansızlıqla yatırılmışdı. Yəni Putinin BMT baş katibi ilə görüşdə səsləndirdiyi fikirlərlə Çeçenistan nümunəsi bir-biri ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, əslində Putin Luqansk və Donetsk ilə bağlı addımında böyük səhvə yol verdiyini dərk edib və indi özünə guya haqq qazandırmağa çalışır".

Ekspertin sözlərinə görə, əslində Putin o fikriləri ilə öz ölkəsinin gələcəyi ilə bağlı çox ciddi yanlışa yol verib: "Putin deyir ki, Kosovo üzrə Beynəlxalq Ədalət Məhkəməsinin sənədlərində deyilir ki, dövlətin bu və ya digər ərazisi öz müqəddəratını təyinetmə hüququndan istifadə edərkən mərkəzi orqanlara suverenlik elan etmək üçün icazə almaq üçün müraciət etməyə borclu deyil. Cənab Putin bu zaman bəlkə də özü də fərqinə varmadan öz ölkəsinin daxilində gələcəkdə ola biləcək bu cür proseslərə dolayısı ilə haqq qazandırmış olub. Məsələn, çeçen xalqı yenidən ayağa qalxıb suverenlik elan etsə Moskvaya Putinin BMT baş katibinə dedikləri bu fikirləri xatırladacaq. İkincisi, Ukrayna bir çox kiçik dövlətlərin birliyindən yaranmış dövlət deyil, amma Yuqoslaviya Rusiya kimi bir çox dövlətlərin birliyindən yaranmış dövlət idi. Yuqoslaviya tərkibində bir çox xalqları, kiçik dövlətləri özündə birləşdirmişdi. Serblər Yuqoslaviyanın daxilində yaşayan digər millətlərə qarşı qanuna zidd hərəkətlər edirdilər. Vəziyyət o həddə çatdı ki, həmin millətlər və kiçik dövlətlər öz müstəqilliklərini elan etməyə başladılar. Kosovo da onlardan biri idi. Kosovoda təxminən 1,8 milyon əhali yaşayır. Əhalisinin 92 faizi albanlardan ibarətdir. Serblər onlara qarşı soyqırımı həyata keçirirdi. Belə bir şəraitdə Qərb albanların müdafiəsinə qalxdı və sonradan Yuqoslaviya tamamilə parçalandı, Kosovo və digər kiçik dövlətlər müstəqillik əldə etdilər. Rusiya Kosovo nümunəsini Ukrayna üçün deyil, özü üçün presedent hesab etməlidir. Gedişat Rusiyaya Yuqoslaviyanın aqibətini yaşada bilər".   

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev isə "yeni müsavat"a bildirdi ki, Beynəlxalq Məhkəmə Kosovo ilə bağlı qərar verəndə qeyri-müəyyənliklər, narazılıqlar yaranmasın deyə həmin qərara xüsusi əlavə edib: "Əlavədə qeyd olunur ki, bu qərar xüsusi presedent yaratmır. Niyə yaratmadığı da izah edilir. Beynəlxalq Ədalət Məhkəməsində Kosovo ilə bağlı qərardan əvvəl Serbiyanın rəsmi sualı belə qoyulmuşdu ki, bir ərazinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa uyğundur, yoxsa uyğun deyil. Cavab belə olmuşdu ki, beynəlxalq hüquqda buna qadağa yoxdur. Serbiya sualı belə qoysaydı ki, bir ərazinin öz müstəqilliyini elan etməsi onun dövlət kimi tanınması üçün kifayət edirmi, bu suala Beynəlxalq Ədalət Məhkəməsi "xeyr" cavabını verəcəkdi. Serbiyanın qoyduğu suala verilən cavab heç də o demək deyil ki, bir ərazi öz müqəddəratını təyin etmə istiqamətində müstəqilliyini elan eləsə bu qəbul olunacaq. Qəbul olunması üçün o ərazi müstəmləkə ərazisi kateqoriyasında olmalıdır və istismar olunmalıdır. Ancaq və ancaq bu kateqoriyaya aid olan ərazi üçün dövlət qurmaq haqqı beynəlxalq hüquqda tanınır. Kosovo məhz bu kateqoriyaya aid idi. Ona görə də beynəlxalq hüquq Kosovonun elan etdiyi müstəqilliyi tanıdı.

Luqansk və Donetsk zərrə qədər də həmin kateqoriyaya uyğun gəlmir. Ukrayna imperiya dövləti deyil, heç vaxt imperiya olmayıb. Ukrayna heç vaxt hansısa ərazisini müstəmləkə şəklində saxlamayıb. Ona görə də Kosovo ilə "DNR"i və "LNR"i eyniləşdirmək tamamilə absurddur.

Əslində Rusiya özü imperiya olub və imperiyanın varisidir. Ona görə də Vladimir Putinin presedent adlandırdığı məsələ Rusiyanın özünü vura bilər. Sabah Tatarıstan, Dağıstan, Çeçenistan, Başqırdıstan öz müstəqilliyini elan edə bilər və Kosovo presedenti əsas göstərilər. Amma bildiyim qədəri Rusiya Konstitusiyasında həmin milli subyektlərin müstəqilliklərinin elan edilməsinin qarşısına sədd çəkən xüsusi müddəa var".

Milli.Az


Etiketlər:  Kremlin heyrətamiz ikili standartı Rusiyadakı milli respublikalar da müstəqillik istəsə


RƏYLƏR