Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 15:56
Beləliklə, uzun davam edən susqunluqdan sonra qardaş Türkiyənin ən qalmaqallı məhbuslarından biri olan azərbaycanlı Mübariz Mənsimov açıqlamaları ilə xalqın qarşısına çıxdı. Gözə çarpmayan Sovet koku ilk postsovet dalğalarının yedəyində gəmiqayırma sahəsinin Olimpinə qədər yüksəlmişdi. Ki, oradan da tappıltı ilə düşərək Mərmərə dənizinə çırpılsın. Mübariz Mansimov dəli 1990-ların qasırğalı vaxtsızlığının gətirdiyi bəxtəvərliyin təcəssümü idi.
Sonxeber.net haqqın.az-a istinadən yazır ki, kooperativ və qeyri-formal hərəkatın daha bir favoriti yüz milyonlarla dolları bacarıqsızcasına havaya üfürəndən sonra Türkiyə banklarına Koç ailəsinin möhtəşəm imperiyasına meydan oxumaq fikrinə düşmüş sıravi Sovet bambılısının ödəmə imkanlarından məhrumluğu bəlli oldu. Ancaq özünüləğvin digər səbəb və motivləri barədə olduğu kimi, bu haqda da Mənsimov həmkarımız Əvəz Zeynallının efirində susdu.
Müflis olmuş, hətta təkadamlıq kameranın divarları arasına düşməyə imkan tapmış milyarder Mənsimovun müdafiəsinə dair səs-küylü və qalmaqallı kampaniyadan sonra Türkiyə paroxodlarının sahibinin tarixçəsindən baş çıxarmaq lazımdır.
Mənsimovun çıxışı çox ağır təəssürat doğurdu. Əslində bu, heç nə haqqında söhbət idi. Mənsimovun kimi, nəyə görə və niyə ittiham etdiyi bəlli olmadı. İflasın səbəbi nə idi? Onun əzablı yollarında günahkar kimdir? Mənsimov ya sonadək danışmır, ya da yüz milyonlarla dollar qazanmış bu şəxs fikirlərini ifadə edə bilməmək kimi anadəngəlmə xəstəlikdən əziyyət çəkir.
Mənsimovun qabiliyyətsiz çıxışı, əlaqəsiz söz axını türklərin "Qurdlar vadisi" kino bestsellerinin dramatik musiqi obrazı ilə müşayiət olunurdu. Elə bu da Mənsimovun danışıqlarının sonrakı janrını müəyyənləşdirirdi - biznesmen kriminal yığıncaqlardan və "oğru dünya"sından danışaraq özünün gəmiçilik işinin açıq-aşkar bandit gedişlərini gün işığına çıxarırdı.
Naxçıvanski adına hərbi məktəbin və əldəqayırma Rostov universitetinin müdavimi olan Mənsimov öz nitqi ilə dərin savadsız və cahil adam təəssüratı yaradır. Keçmişdə Azərbaycan və Türkiyənin ən zənginlərindən biri olmuş bu şəxs üç dildə - Azərbaycan, türk və rus dillərində sözləri və sintaktik vahidləri sıraya düzürdü. "Kanikullar", "darmoyed", "komandirovka" kimi sözlər türk "yeni dili"nə qarışırdı.
Əslində, Mənsimov bu dillərin heç birində danışa bilmir. Bu da onun mağara təfəkkürünün strukturunda əks olunub. Belə ki, dil təfəkkürün strukturunu müəyyənləşdirir. Ancaq Mübarizin idrakı bu strukturdan məhrumdur. Nəticədə rabitəsiz anlaşılmaz nitq yaranıb. Mübarizin düşüncəsinin ardıcıllığı bu kombinasiyadan ibarət idi: almaq, satmaq, kirayə vermək və... atmaq.
Keçək əsas suala. Kim kimə atıb? Mənsimov iddia edir ki, məhz SOCAR-ın keçmiş prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev və qohumları onun Türkiyədəki biznesinin sonuna çıxıb. Necə? Məgər Mənsimov Azərbaycan Dövlət Neft Şirkətinin tərəfdaşı idi? Bəlkə, podratçısı idi? Mənsimov özünün biznes imperiyasının məhvində Rövnəq Abdullayevin və qohumlarının roluna dair bircəcik fakt belə ortaya qoymur. Onun rus-türk-Azərbaycan dillərinin qarışığından ibarət nitqində yalnız ibarəli patetika səslənir. Vəssalam. Üstəlik Mənsimov məhbəsə məhz Rövnəq Abdullayev tərəfindən salındığını iddia edir.
Ərdoğanın və Türkiyə hökumətinin ünvanına mədhiyyələr yağdıran Mənsimov bununla da Ankara ədliyyəsinin tərəfsizliyini və ədalətini şübhə altına salır. Elə çıxır ki, Ərdoğanın məhkəmələri sifarişlə çalışır və saxta hökmlər çıxarır. Həm də uzaqda olan məmurun - Rövnəq Abdullayevin göstərişi ilə. Azərbaycan neft şirkətinin rəhbəri Mənsimova münasibətdə ittiham hökmünün verilməsinə necə nail ola bilib? Rüşvətlə, yoxsa "telefon hüququ" ilə? Mənsimov bu barədə heç bir akt ortaya qoymur. Bundan əlavə, Mənsimov Rövnəq Abdullayevi və azərbaycanlı iş adamı Anar Əlizadəni Bodrumdakı "Marina" adlı dəbdəbəli kurort mərkəzini onun əlindən almaqda ittiham edir. Bir sözlə, sadəcə söz yığını. Özünün azğın ittihamlarının təsdiqi üçün Mənsimov heç bir sənəd təqdim etmir.
Bəs həqiqətdə necədir? İttiham olunan tərəf - Rövnəq Abdullayev və Anar Əlizadə Türkiyə və Ali London Məhkəməsində Mənsimova qarşı səs-küylü proses başladıb. Və Mənsimov bütün məhkəmələri uduzub. Məhkəmə işlərinin təfərrüatına varmadan yalnız son hökmü misal çəkək - Ali London Məhkəməsinin hökmünə görə Mənsimov Dövlət Neft Şirkətinə 230 milyon dollar ödəməlidir. Gəmiqayırma maqnatı Azərbaycan şirkətlərinin məhsullarını dünya bazarlarına daşımaqla bağlı öhdəliklərini yerinə yetirməyib. Mənsimovun tanker və gəmilərinə London Məhkəməsinin qərarı ilə həbs qoyulub. Ancaq Mənsimov bu barədə bir kəlmə də danışmır! Nə danışsın? - soyundurulmuş maqnat gülləni özünün tüklü ayağına vurmayacaq ki...
İndi də onun "əlindən alınmış" "Marina" haqqında. Mənsimov şərik qismində Anar Əlizadə ilə birlikdə "Marina"nın tikintisində iştirak edib. Bəli, bu həqiqətdir! Və otelin inşası 200 milyon dollara başa gəlib. Ən paradoksal odur ki, bu işə Əlizadə özünün sərmayəsini, Mənsimov isə yüksək faizli bank kreditlərini sərf edib. Gözəl günlərin birində Mənsimovdan Əlizadəyə "Marina"nı Koç ailəsinə satmaq təklifi gəlib. 100 milyon dollara! Üstəlik Mənsimov Əlizadədən gizlədib ki, bu işə ümumi daşınmaz əmlakı girov qoyaraq götürdüyü kreditlə qoşulub. Və daş qayaya rast gəlib. Mübahisə şərikləri aparıb Türkiyə məhkəməsinə çıxarıb. Məhkəmənin qərarına uyğun olaraq, Əlizadə Mənsimova 37 milyon dollar ödəyib və bu gün də Türkiyə bankına kreditin qalan hissəsini və üzərinə gələn faizləri ödəməkdə davam edir! Kim kimə atıb?! Əsl reyder işğalı? Bəs niyə Mənsimov özünün "açıq müsahibə"sində Türkiyə məhkəmələrinin qərarlarından və ona ödənmiş 37 milyon dollardan danışmır? Həmin hökmləri də Rövnəq Abdullayev sifariş etmişdi?!
Mübariz Mənsimov daha irəli gedir və Rövnəq Abdallayevi ittiham edir ki, 2018-ci ildə mərhum nüfuzlu kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) özünün fiziki məhvini sifariş verib. Bəs niyə Səlifov Mənsimovu aradan götürməyib? Yalanları ilə özünü küncə sıxan keçmiş maqnat daha bir ağlagəlməz tarixçə danışır. Sən demə, Səlifov qətl üçün sifarişi alandan sonra Mənsimova zəng vurub və onu təhdid edib. Sözlərlə və söyüşlə. Sual yaranır - hansı killer və ya məşhur cani "gələcək qurban"ına zəng vurub onu vendetta ilə təhdid edər? Üstəlik, Mənsimovun etirafına görə, söyüşlə? Guya Mənsimov da borclu qalmayıb və Azərbaycan mafiyasının başçısını söyüb. Ümidi tükənən Quli isə Mənsimovla sağollaşaraq dəstəyi asıb ... Sual yaranır:
Mənsimov gerizəkalıdır, yoxsa özünü bu cür göstərir? Bəlkə o, Əvəz Zeynallının auditoriyasını əqli cəhətdən geridə qalmış aşağı təbəqə hesab edir? Digər tərəfdən - niyə Mənsimov ictimaiyyəti hazırlanan cinayət haqda 2018-ci, 2019-cu, 2020-ci və hətta 2021-ci ildə məlumatlandırmayıb? Niyə susub? Yəni Türkiyə polisinə də müraciət etməyib? Və bu məlumat niyə KİV-ə sızmayıb?!
Sonrası darıxdırıcıdır... Mənsimov tamaşaçı auditoriyasının səbrini sınağa çəkir. Özünün ən sevdiyi kinofilmdən - "Sinyor Robinzon" italyan komediyasından danışır. Sən demə, özünün "Palmali" şirkətinin qeyri-adi adı da bu komediyadan götürülüb: həyat yoldaşı Maqdanın şıltaqlıqlarından zara gələn şən Robi kimsəsiz adanı "Palmali" adlandırıb. Mənsimov da öz şirkətini bu parodiyalı adla əbədiləşdirmək qərarına gəlib. Robinin Cümə ilə sevgi tarixçəsi və onların "din-din"i Mənsimovun gecələrinə əyləncə qatıb.
Daha sonra Mənsimov özünün kəşfindən danışır: Kiyev Rus dövlətinin əsasını vikinqlər qoyublar... Knyaz Vladimirdən bəhs edəndən sonra isə Mübariz nəyə görəsə Ramiz Mehdiyevi təhqir edir. Yenidən kriminal mövzusuna qayıdaraq türk mafiozi Sədat Pekerdən darıxdırıcı tonda danışır. Özünün Fətullah Gülənlə davalarından bəhs edir və gülənçiləri dadlı türk paxlavasına qonaq etdiyini təkrarlayır.
Əgər nə vaxtsa Rusiyanın Baş naziri Mixail Mişustin Əvəz Zeynallının yaradıcılığı ilə maraqlansa, Mənsimovun işi çətin olacaq. Maqnat efirdə açıq şəkildə bəyan edir ki, Rusiyanın indiki baş naziri gömrük xidmətinin rəhbəri vəzifəsində çalışdığı dövrdə Mənsimovdan rüşvət tələb edib. Ancaq tamahdan uzaq olan gəmiqayıran bu şantaja getməyib, imtina edib, Mişustinə kobud söz deyib və Rusiyadan həmişəlik uzaqlaşıb. Rusiyanı bilmirəm, ancaq Türkiyədə Mənsimovun sözünə inanmayacaqlar, çünki orada illər boyu öyünüb ki, SSRİ DTK-sının məktəbində Vladimir Putinlə bir qrupda təhsil alıb. Həssas həmsöhbətlər bosmanla polkovnik arasındakı böyük yaş fərqinə diqqət ediblər.
Mənsimovun titrək səsində Azərbaycandakı mürəkkəb polietnik vəziyyətlə bağlı təhlükəli notlar da səslənib. Oliqarx kədərli nostalgiya ilə özünün "Xəzər-Lənkəran" futbol klubunun incidilməsindən də danışaraq etnik məsələyə eyham vurub.
Uğursuz maqnat beləcə birbaşa və iradi olaraq neftdən futbola, Rövnəq Abdullayevdən Sədat Pekerə (yeri gəlmişkən, Mənsimov "notarial qaydada" bandit Pekerin sözlərini təsdiqləyir, bununla da Ərdoğan hökumətinin baş düşməninə pərəstişini gizlətmir), Ərdoğandan Türkiyə məhkəmələrinə keçir...
Sonda isə Mənsimov şüurumuzu müasir geosiyasətlə bağlı özünün kimyəvi planetar mühakimələri ilə zəhərləyir, bunları çatdırmaq üçün bolluca əl hərəkətləri edir. Sona yaxınlaşdıqca söz ehtiyatı tamam tükənir. Yalnız böyürmələr və jestlər qalır. Onun işi göyərtədə siqaret kötükləri toplamaq olmalıydı...
P.S.
Yəqin ki, Mişustin istefaya gedəndən sonra Mübariz Mənsimov yenə də mətbuat qarşısına çıxıb, Rusiya baş nazirini təhqir etdiyini deyəcək. "Rembo"nun görkəmini almış Mübariz əkə öz qəhrəmanlığını təsvir etmək üçün kiminsə ölümünü və ya istefasını gözləyir. Bir sözlə, toydan sonra nağara çalan Mübariz...