Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

C vitaminin orqanizimdə əhəmiyyəti

C vitaminin orqanizimdə əhəmiyyəti

Tarix: 5 May 2022 03:03

C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.

C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumillikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji proseslərdə iştirak edir:

- zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;

- foil turşusu və dəmir mikroelementin mübadiləsində iştirak edir;

- kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;

- immun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır. Virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir. İmmuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır.

- kollagen zülalın sintezində iştirak edir. Bu zülal orqanizmdə ən tez-tez təsadüf edilən birləşdirici toxumasını əmələ gətirir;

- yaraların tez sağalmasına kömək edir;

- orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma prosesləri ləngidir;

- böyrəküstü vəzi hormonların sintezində iştrirak edir;

- qanda şəkərin səviyyəsini aşağı salır, xolesterinin səviyyəsini normallaşdırır, qanın qırmızı hüceyrələrin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir, damarların və kapilyarların divarlarını möhkəmləndirir;

- müxtəlif xəstəliklərin profilaktikasına xidmət edir (ürək-damar, şiş xəstəlikləri və s.). Bir çox tədqiqatlar C vitaminin yoğun bağırsağın, qida borusunun, sidik kisəsinin, endometriumun (uşaqlığın daxili qatı) və bəzi digər orqanların xərçəng xəstəliyinin  profilaktikasında böyük rol oynayır.

- orqanizmə streslə mübarizədə kömək edir.

Bizim orqanizm bu vitamini sintez edə bilmir. Bu o deməkdir ki, C vitamini daim orqanizmimizə meyvə-tərəvəz, göyərti və s. ilə daxil olunmalıdır.

Siqaret çəkən, spirtli içkiləri qəbul edən, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, tez-tez stress vəziyyətinə düşən insanların orqanizmində bu vitaminin mənimsənilməsi prosesi pozulmuş olur. Bu səbəbdən bu qrup insanlara C vitamini daha çox miqdarlarda lazımdır.

Bəzi dərman preparatları da (məsələn, hamiləlik əleyhinə preparatlar) orqanizmdə bu vitaminin mənimsənilməsinə mane olur.

Orqanizmdə C vitaminin çatışmazlığı zamanı bu kimi pozulmalar meydana çıxır: əzələlərdə ağrılar, ümumi zəiflik, süstlük, damaqların qanaması, saçların tökülməsi, dərinin quru olması və qabıq verməsi və s.

C vitaminin kəskin çatışmazlığı zamanı dişlərin tökülməsi, ürək nahiyəsində ağrılar, mədə və bağırsaqların fəaliyyətində pozulmalar və s. mümkündür.

Bir çox meyvə və tərəvəzlər, göyərtilər C vitamini ilə zəngindir: itburnu, qara qarağat, çaytikanı, bolqar bibəri, kələm, pomidor, sitrus meyvələri (limon, portağal və s.), çiyələk, ispanaq, cəfəri, şüyüd, qoz və s.

Adətən insanlar fikirləşir ki, sitrus meyvələri C vitamini ilə xüsusilə zəngindir. Lakin bu yanlış fikirdir. İtburnu, qara qarağat, çaytikanı kimi giləmeyvələrin tərkibində sitrus meyvələri ilə müqayisədə C vitaminin miqdarı bir neçə dəfə çoxdur.

C vitamini çox tez dağılan vitamindir. Onun bir çox hissəsi məhsulların saxlanılması, bişirilməsi zamanı dağılır. Hazır qidanın uzun müddət ərzində saxlanılması da C vitaminin dağılmasına səbəb olur. Bu səbəbdən meyvə və tərəvəzləri mümkün qədər çiy vəziyyətdə yemək lazımdır.

Dediyimiz kimi, itburnu tərkibində C vitaminin miqdarına görə liderlərdən biridir. Orqanizmini C vitamini ilə təmin etmək istəyirsinizsə, bu kimi reseptdən istifadə edin. 4 xörək qaşığı itburnu termosda 1 litr qaynar su ilə dəmləyin, termosu kip bağlayın və səhərə kimi saxlayın. Səhər dəmləməni tənzifdən süzün və gün ərzində 2 stəkan olmaqla için. Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Bu dəmləməni daha da xeyirli edəcək.


Etiketlər:  vitaminin orqanizimdə əhəmiyyəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ