Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 15:42
Kapitulyant ölkənin müxalifəti odla oynayır; yəhudi ekspert: "Küçənin köməyi ilə hakimiyyətə gələn Paşinyan küçələrdə baş verənlərin qurbanı ola bilər..."
Ermənistanda radikal-revanşist qüvvələrin baş nazir Nikol Paşinyanı istefaya məcbur eləmək üçün aksiyaları davam edir. Lakin müxalif liderlərin özündənrazı bəyanatlarına və xalqa israrlı çağırışlarına rəğmən, son günlər etirazçıların sıraları artmaq əvəzinə seyrəlməkdədir. Əsas səbəb də düşərgənin hakimiyyəti ələ keçirəcəyi təqdirdə ölkəni ağır böhrandan çıxarmaq üçün konkret və inandırıcı "yol xəritəsi"nə malik olmamasıdır.
Bu da cəmiyyətdə opponentlərin sırf hakimiyyət davası apardığı haqda rəyi möhkəmlədib. Hər necə olmasa, erməni elektoratın yarıdan çoxu müharibə istəmir. Bu iradəni o, ötənilki parlament seçkilərində Paşinyanın partiyasını qalib eləməklə artıq bir dəfə ortaya qoyub. Bundan əlavə, radikal müxalifət özünün zorakı hərəkətləri və ksenofobik şüarları ilə qonşu Azərbaycan və Türkiyə ilə sülh prosesinə də zərbə vurmaqdadır. Nədən söhbət gedir?
Əvvəla, ondan ki, müxalifətin əsas şüarlarından biri nasist əlaltısı, İrəvanda 6 metrlik heykəli ucalan Qaregin Njdenin ideologiyasına söykənən "Türklərsiz Ermənistan!" irqçi tezisidir. Sanki erməni xalqının bəlalarının tək günahkarı qonşulara qarşı əsassız ərazi iddiaları, "miatsum" mərəzi yox, Türk xalqıdır.
Məsələ həm də ondadır ki, müxalifətin Türkə, Türkiyəyə, Azərbaycana nifrəti körükləməsi yalnızca Bakı və Ankara ilə sülh anlaşmasını əngəlləmək niyyəti güdmür, eyni zamanda Ermənistanın monoetnik ölkə kimi qeyri-sivil, anormal bir məkan olduğunu dünyaya qabarıq və əyani nümayiş etdirir. Hər iki neqativ təzahür (sülh prosesinə maneə, ksenofobiya, irqçilik) beynəlxalq ictimaiyyətdə erməni xalqı haqda faşist təmayüllü, başqa millətlərlə yola getməyən, qeyri-adekvat və sülh yox, müharibə arzulayan ölkə təsəvvürünü gücləndirir.
Deməli, Azərbaycanın günün birində yenə sərt tədbirə əl atması üçün əslində siyasi-ideoloji zəmin hazırlanır. Erməni xalqına daha bir təhdid isə yetərli tərəfdarlar toplaya bilməyən radikal müxalifətin get-gedə bir az da aqressivləşməsi və konstitusiyadan kənar zorakı üsullara, o cümlədən terrora meyllənməsidir. Bu mənada 1999-cu ilin 27 oktyabr sindromunun (parlamentin gülləbaran edilməsinin) təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.
Kapitulyant ölkədə bu qəbildən təhlükələri görən ermənilər də var. Məsələn, politoloq Styopa Safaryan hesab edir ki, keçirdiyi aksiyalarda günbəgün sıraları seyrələn Ermənistan müxalifətinin etirazları artıq zorakılıqla müşayiət olunmaqdadır. O, meydana yetərli sayda etirazçı çıxara bilməyən müxaliflərin daha da aqressivləşməsinə, dinc insanları hədəf almasına diqqət yönəldib.
Safaryan xatırladıb ki, mayın 1-dəki mitinqlərdə 12 min, mayın 9-dakı aksiyalara isə cəmi 7 min nəfər qatılıb. "Elə ilk mərhələdə toqquşmaları hədəfləyən müxalif hərəkat artıq öz sıralarını genişləndirmək üçün başqa yollara əl atıb. Onlar insanları pulla cəlb etməyə çalışırlar", - deyə o vurğulayıb.
Erməni politoloq həmçinin müxaliflərin Gümrüdə keçirilən aksiyada yaşlı bir kişini döydüklərinə diqqət çəkərək bildirib: "Blokada, həyatı iflic etmək, dövlət qurumlarının ələ keçirilməsi və müvəqqəti hökumətin yaradılması. Onlar bununla növbəti mərhələyə daxil olmaq illüziyası yaradırlar. Baş verənlərin dinamikası isə bunun tam əksini sübut edir".
O, müxalifətin Türkiyə və Azərbaycana qarşı ritorikasının Ermənistan üçün ciddi problem yarada biləcəyini deyib: "Mitinqlərdə narahatlıq yaradan daha bir məqam var: hərəkatın gündəmini türk etnosuna qarşı yönəlmiş nifrət nitqi təşkil edir. Başqa sözlə, Ermənistanın antitürklükdən qidalandığı, Ermənistanda dinc birgəyaşayış ideyasına müqavimətin olduğu həm daxili, həm də xarici auditoriyaya çatdırılır. Bu isə Ermənistanı müharibə tərəfdarı kimi göstərmək üçün fürsət yaradır. Onlar bunu ya şüurlu, ya da şüursuz şəkildə edirlər".
Safaryan, nəhayət, bir neçə min nəfərlə Ermənistanda hakimiyyət çevrilişinin baş verəcəyinə inanmadığını söyləyib və məqsədlərinə çata bilməyən müxalifətin Paşinyanı güllələməklə hədələdiyinə də diqqət yönəldib.
"Biz indiyədək uğur qazanmayan erməni "Maydanı"nın şahidiyik. Və küçənin köməyi ilə hakimiyyətə gələn Paşinyanın özü indi küçələrdə baş verənlərin qurbanına çevrilə bilər".
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, bunu isə israilli ekspert Aviqdor Eskin Ermənistan TV-nin "Mövqe" verilişinə müsahibəsində deyib.
Yəhudi analitik kapitulyant ölkədə hazırkı ictimai-siyasi böhranın səbəblərini belə sıralayıb: "Etirazlara səbəb olan bir çox amillər var. Hökumət firavanlığa aparan həyat ritmi qura bilmədi. Buradan da narazılıqlar başladı. Rusiyadakı erməni biznesinin əhəmiyyətli bir hissəsi, ümumiyyətlə, Rusiya erməniləri indiki hakimiyyəti tənqid edir. Bu da daha bir faktordur. Ukrayna hadisələri də bu gün Ermənistanda baş verənləri, müəyyən qeyri-sabitliyi şərtləndirən amildir".
Politoloqa görə, Ermənistanda kimlərdəsə Rusiyanın Ukraynanı darmadağın edəcəyi və Qarabağ uğrunda döyüşə girəcəyi ilə bağlı gözləntilər var idi, amma belə bir şey yoxdur. "Müxalifət üçün ən vacib sual iqtidara gələcəyi təqdirdə Qarabağ məsələsində nə edəcəyi ilə bağlıdır", - deyə o qeyd edib.
"Bəs Ermənistanın "artsax məsələsi"ni həll etmək üçün hərbi variantı varmı? Əmin deyiləm. Amma mən dəqiq bilirəm ki, nə İran, nə də Rusiya Ermənistan üçün döyüşməyəcək", - israilli ekspert bildirib və əlavə edib ki, Rusiya indi Cənubi Qafqazın hayında deyil, Ukraynada ilişib, Ermənistan üçün isə ən sərfəli variant "artsax"ın Rusiya himayəsi altında xüsusi status alması olardı.
Status qatarı isə çoxdan gedib. Bir daha qayıtmayacaq...