Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 10:28
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
BŞTİ-dən Trend-ə verilən məlumata görə, birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.
Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 13-dən başlayıb. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin