Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR? - AÇIQLAMA

5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR? - AÇIQLAMA

Tarix: 21 May 2022 19:16

Azərbaycanda açıq və pərakəndə ət satışı geniş olsa da, son vaxtlar insanlar normal ət almaq üçün daha çox marketlərə üz tuturlar. Əvvəl küçə və yol kənarlarında kəsilmiş ətə üstünlük verilirdisə, indi durum bir qədər dəyişib.

İnsanlar iri market və supermarketlərdə səliqə ilə düzülmüş ət çeşidlərini almağa daha çox maraq göstərirlər. Çünki supermarketlərdə satışa çıxarılan bütün ət məhsullarının Qida Təhlükəsizliyi Agentliyi və baytarlar tərəfindən təhlükəsizlik sertifikatı olur.

Qaydaya görə, belədir. Məsələ burasındadır ki, istehlakçıların çoxu həmin arayışı nə satıcılardan tələb edir, nə də bəzi ət məhsullarının üzərində əks olunması vacib olan məlumatların niyə yer almadığını soruşurlar.

Maraqlıdır, supermarketlərə ət haradan gətirilir? Satışa çıxarılmadan ət məhsullarının tərkibi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılırmı?

"Azad İstehlakçılar" İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, istənilən marketdə Qida Təhlükəsizliyinin arayışı və icazəsi olmadan ət satışı həyata keçirilə bilməz:

"Supermarketlərin bəzilərinin özlərinin təsərrüfatları var. Əksəriyyətinin isə yoxdur. Buraya malı vermək üçün mütləq baytarlıq və Qida Təhlükəsizliyi Agentliyinin arayışı olmalıdır. Yalnız bu halda ət dükana daxil ola bilər. Sözügedən qurumların arayışları olmadan ətin dükanda satışı qadağandır. Bu arayışlar olmadan satış həyata keçirilərsə, həmin müəssisələri fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq cərimələr gözləyir. Hər market ət satışı ilə məşğul ola bilməz.

Ət satışı həyata keçirmək üçün mütləq Qida Təhlükəsizliyi Agentliyindən razılıq alınmalıdır. Əsas məsələ sanitar tələblərə cavab verən infrastrukturun olmasıdır. Ət "soyuq zəncir" sistemində istehlakçıya təqdim olunmalıdır.

Lazımi avadanlıqlar sanitar qaydalara uyğun deyilsə, elə yerdə AQTA ət satışına icazə vermir. Bir sözlə, heyvanlar fermadan satışa gələnə qədər AQTA tərəfindən izlənilməlidir. Onu daşıyan, kəsən, saxlayan "soyuq zəncir"lə hərəkət etməlidir.

Bəzən və əksər hallarda heyvanların müəyyən yerinə baytar möhürü vurulur. Sovet vaxtından bu, ifşa edilmiş bir möhürdür. İndi necə olduğunu bilmirəm. Satıcılar tərəfindən vurulduğu üçün insanların buna inamı itib. Lakin vacib şərtlərdən biridir".

Eyyub Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər qablaşdırılmalıdır:

"Onun üzərində buraxılma və yararlılıq tarixi, istehsalçı firmanın və s. adı olmalıdır. Amma marketlərin 90 faizində bu yoxdur. Azərbaycanda cəmi bir müəssisə var ki, o cür əti qablaşdırır. Başqa bir problem də var. Qida Təhlükəsizliyi Agentliyinin və yaxud baytarın verdiyi arayış orada olan ətə aiddir, ya yox? Bu məsələ ölkədə həll olunmamış qalır".

Ekspert bu sahədəki cərimələrdən də danışıb. O bildirib ki, AQTA tərəfindən marketdə ət satışının olduğu müəyyən edilərsə, lakin onun müşahidəedici sənədləri, eləcə də qurumun arayışı yoxdursa, qidaya yararlı olsa belə, satıcını 500-600 manat cərimə gözləyir.

Ətin müəyyən parametrlərinə görə qidaya yararsız olması müəyyənləşərsə, fiziki şəxsləri 1 500-2 000 manat, hüquqi şəxsləri 4 000-5 000 manat arası cərimə gözləyir.


Etiketlər:  manatlıq cərimə Marketlərə haradan GƏTİRİLİR AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ