Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 19:39
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs yaradılması barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb etməklə Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Əli Hüseynli qeyd edib ki, Mərkəzin Nizamnaməsində nəzərdə tutulan müddəalar hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsini və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini hədəfə alır.
Bildirilib ki, bu formatda olan dövlət təsisatları bir sıra xarici ölkələrdə mövcuddur və onlar hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərirlər. Bu baxımdan, "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq.
Əli Hüseynli diqqətə çatdırıb ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar Ulu Öndərin siyasi xəttinin əsasını təşkil etmişdir. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yürüdərək, ilk növbədə, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etmişdir.
Həmin dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən Ümummilli Lider 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatlara şəxsən rəhbərlik etmişdir.
Hüquqi islahatların əhəmiyyətinə dəyər verilməsi baxımından bu sahənin bu gün də ən yüksək səviyyədə prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin yaradılması barədə Fərmana əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcəkdir. Göründüyü kimi, hüquqi islahatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altındadır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.
"Diqqətçəkən məqamlardan biri də budur ki, Mərkəzə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurasında hakimiyyətin bütün qollarının təmsilçiliyi nəzərə alınmışdır.
Bütün bunlar belə bir əminlik yaradır ki, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi qısa zamanda Azərbaycanda gedən davamlı hüquqi islahatların əhəmiyyətli həlqəsinə çevriləcəkdir", - deyə Əli Hüseynli vurğulayıb.