Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 23:10
Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net Fərid Əhmədovun bioqrafiyasını təqdim edir:
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.
1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.
2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2007-2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxsin sədri təyin olunmuşdur.
Ailəlidir, üç övladı var.