Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 16:50
"Mən hər zaman olduğu kimi bu il də "Avroviziya" yarışmasını izləmədim. Sadəcə onu bilirdim ki, bizdən iştirak edən Nadir adlı oğlandır. Heç mahnısını da dinləməmişəm, bir dəfə dedilər ki, filan mahnıdır. Azərbaycan tamaşaçısı əsrlərlə dünyanın ən zövqlü və tələbkar tamaşaçısı olub. Bunu təkcə azərbaycanlı olduğuma görə yox, həm də peşəkar kimi deyirəm. Düşünürəm ki, Avropa tamaşaçısı öz musiqisini 24 saat öz radio və efirlərindən eşidir. Onun üçün Avropa musiqisi yenilik sayılmayacaq, ona bizim öz musiqimiz maraqlı olacaq. Ora Azərbaycanın öz musiqisini apararaq, Azərbaycanın mədəniyyətini, səviyyəsini göstərmək lazımdır".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə deyib. O daha sonra "Sizcə bu yarışma artıq məşhurluğunu və aktuallığını itirməyib?" sualını da cavablayıb.
"Mən düşünmürəm ki, "Avroviziya" aktuallığını itirə bilər. Mümkünsüz bir şeydir. Bu bir ölkənin layihəsi deyil. Avropa nə vaxt ki, gündəmdə olmayacaq, zəifləyəcək, başqa regionun layihələri liderlik edəcək, o zaman "Avroviziya" da Avropanın özü ilə bərabər gündəmdən çıxacaq. Orada elə bir mükəmməl sistem işləyir ki. O qədər dəqiqlik var ki, orada. Hamı ona bənzər nəsə etmək istəyir. Hamı bu layihədən bəhrələnir. Söhbət ordakı ölkələrdən, mahnılardan, səs vermədən getmir. "Avroviziya" elə bir səhnədir ki, dünyada elə bir müğənni yoxdur desin ki, mən ora çıxmaq istəmirəm. Kino dünyasında minlərlə mükafatlandırmalar var, amma "Oskar" mükafatı bir dənədir. "Avroviziya" da eynilə onun kimi" deyə bəstəkar bildirib.
Bəstəkar bayağı mahnılardan da danışıb.
"Dinləyicilər əsl sənəti qeyri-peşəkar və keyfiyyətsiz musiqidən ayrımağı bacarmalıdırlar. Əgər bunu bacarırlarsa demək sənətimiz xalqımızın nəzarəti altındadır. Keyfiyyətsiz yazılan, keyfiyyətsiz ifa olunan mahnılar var. "Bayağı" dediyimiz mahnılar sözlərindən başlayır. Təbii ki, həmin mahnılar efirlərə də yol açır, amma əvvəlkinə baxanda, son aylar bu cür hallar azalıb. İnşallah tezliklə ümumiyyətlə o mahnılar heç efirlərə çıxmayacaq. Mən buna çox ümidliyəm" deyə bəstəkar deyib.