Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 20:38
Türkiyə və Yunanıstan iki qonşu ölkədir və İkinci Dünya müharibəsindən sonra, 1952-ci ildə də dövrün geosiyasi şərtlərinə görə birlikdə NATO-ya üzv olublar. Ölkələrimiz arasında uzun illərdir davam edən problemlər var. Bunların başında Egey dənizindəki adalar, Aralıq dənizində Kipr məsələsi, hava və dəniz sərhədləri ilə bağlı məsələlər gəlir.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Onun sözlərinə görə, Yunanıstan hər zaman Türkiyəyə qarşı qarayaxma kampaniyası aparıb, sanksiyaların dayandırılmaması üçün çalışıb:
"1974-cü ildə NATO-nun hərbi qanadından çıxan Yunanıstanın 1980-ci ildə yenidən ora qatılmasına görə Türkiyə verilən müəyyən sözlər qarşısında veto qoymadı. Lakin Yunanıstan həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə verdiyi sözləri tutmadı. Xüsusilə Aralıq dənizində təbii ehtiyatların araşdırılması, "Mavi Vətən" dediyimiz yerlərdə ölkəmizin kontinental şelf zonası, təbii qazın çıxarılması məsələsi, Kipr adasındakı problemlərin həlli ilə bağlı addımların atılmaması, Egey adalarının qanunsuz şəkildə silahlandırılması vəziyyəti daha da gərginləşdirib. Yunanıstan son üç ildə ABŞ-a Egey və Aralıq dənizlərinə tam nəzarətə imkan verən beş hərbi hissə inşa etməyə icazə verib. Vurğulamaq istəyirəm ki, bunlardan biri olan Dədəağac ölkəmizdən yalnız 30 km məsafədə yerləşir. Yunanıstanın davranışı dost, qonşu münasibəti deyil. Yunanıstan Baş naziri Kiryakos Miçotakis ABŞ-a səfəri zamanı Konqresdə çıxışında Türkiyənin Afinanın haqq və mənfəətlərinə qarşı fəaliyyət göstərdiyini, Kiprdə ikidövlətli həll variantını rədd etdiyini deyib. O, eyni zamanda ABŞ-dan NATO-nun cənub qanadına verilən yardımlar çərçivəsində Türkiyəyə tarazlığı pozacaq yardımların edilməməsini, F-16 qırıcı təyyarələrinin verilməməsini istəyib".
Generalın sözlərinə görə, Türkiyə və Yunanıstan arasında 2000-ci ildən etibarən mövcud problemlərin həlli ilə bağlı qarşılıqlı müzakirələr aparılır:
"Yunanıstan Avropanın və ABŞ-ın "ərköyün uşağı" kimi masaya şərtlərlə gəlir. Rəsmi Afina sonuncu dəfə Türkiyənin Aralıq dənizində təbii qaz və neft yataqlarının axtarışı ilə məşğul olan gəmisinin fəaliyyətinin dayandırılması şərtini önə sürərək danışıqlardan imtina edib. Yunanıstan ölkəmizin AB-yə üzvlüyünü əngəlləmək üçün mütəmadi olaraq çalışır. Eləcə də Türkiyəyə qarşı tətbiq edilən AB sanksiyalarının əsas istinad nöqtəsi Yunanıstandır. Əhali və ərazisinə görə Yunanıstan hazırda dünyada silahlanmaya ən çox vəsait ayıran ölkədir. Fikrimcə, münasibətlərdə mövcud olan gərginlik və soyuqluq bundan sonra uzun müddət davam edəcək. Ayrıca Yunanıstan PKK terrorçuları üçün mütəmadi şəkildə təlim düşərgələri qurmaqda, radikal sol təşkilatların və FETÖ üzvlərinə ev sahibliyi etməkdədir. Yunanıstan ölkəmizə qarşı terror təşkilatlarını dəstəkləməklə heç nəyə nail ola bilməyəcək".