Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 09:44
Bakı. Trend:
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda dünya Qardaş Şəhərlər gününə həsr olunmuş “Sumqayıt – Çyu Cou: əməkdaşlıq üfüqləri” adlı tələbə-elmi seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan və Çinin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin inkişafından bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bir kəmər, bir yol” ikinci beynəlxalq forumunda iştirak etdiyi işgüzar səfərinin əhəmiyyətinidə vurğulayıb.
R.Abbasov həmçinin qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan China National Electric Engineering şirkət rəhbərliyi ilə Prezident İlham Əliyevin görüşünün keçirilməsi və Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə bağlı niyyət protokolunun imzalanması, Azərbaycan-Çin əməkdaşlığının kimya sənayesində intensivləşməsinə xidmət edəcəkdir.
Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Sumqayıtın mövcud sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələr tarixindən danışıb. N.Qocayeva həmçinin qeyd edib ki, Sumqayıtın Çinin Xunan əyalətində yerləşən qardaş şəhəri – Çyu Cou “Qızıl Çançjutan üçbucağı” aqlomerasiya tərkib hissəsidir və qabaqcıl metallurgiya, kimya sənayesi və maşınqayırma ilə fərqlənir. Çyu Cou şəhərində də çoxsaylı xarici şirkətlərin filiallarının yerləşdiyi yüksək texnologiyalar zonası var. Seminarın sonunda Prezident İlham Əliyevin Çinə səfərinin nəticələri və Azərbaycanın iqtisadi inkişafının yeni perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin