Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 16:54
Goranboyda aparılan qazıntılar zamanı eramızdan əvvəl 9-8 əsrlərə aid nümunələr tapılıb. Tapılan nümunələr laborator şəraitdə araşdırmaya göndərilib. Hazırda ərazidə qazıntı və tədqiqat işləri davam etdirilir.
Müxtəlif rəngli muncuqlar, saxsı qablar, insan skeletləri və digər tapıntılar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bütün bunlar Goranboyda aparılan arxeoloji qazıntılar zamanı qədim nekropolda - Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə üzə çıxıb. Nümunələr eramızdan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ aiddir.
Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Skeletlərin ətrafından saxsı qablar, tunc və dəmirdən hazırlanmış silah nümunələri, müxtəlif materiallardan hazırlanmış bəzək əşyaları aşkar olunub.
Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.
Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən nümunələr xarici ölkələrə göndəriləcək.