Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazilərin problemi qalmayacaq

Qazilərin problemi qalmayacaq

Tarix: 2 Iyun 2022 17:00

Bu gün Azərbaycan ordusu tək regionda deyil, postsovet məkanında qüdrəti və döyüş qabilliyyətinə görə lider mövqedə qərarlaşıb. 44 günlük Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq zaman-zaman dünya mediasında işaqlandırılıb. Bu gün də Müzəffər ordu tütulunu fəxrlə daşıyır. Prezident İlham Əliyevin də dəfələrlə söylədiyi kimi, Qarabağ qazilərinə hörmət, onlara qayğı ən yüksək səviyyədə olmalıdır və olur da. Vətən müharibəsi qazilərinə, iştirakçılarına, şəhid ailələrinə (istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi - red.) olan həssas münasibət 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra daha da aktuallaşıb. Artıq demək olar ki, hər gün bu kateqoriyanı əhatə edən şəxslərin sosial problemlərinin həlli istiqamətində real müsbət addımların şahidi oluruq. 30 illik işğala son qoyan, qanını-canını bu torpaq uğrunda fəda edən qəhrəman Vətən övladları bütövlükdə cəmiyyətin ən böyük diqqətinə layiqdir və bu, belə də olmalıdır.

44 günlük Vətən müharibəsi bu xalqı bir yumruq kimi dövlətinin ətrafında birləşdirərək hər bir fərdinin nə qədər dəyərli, qiymətli olduğunu qazanılan müharibə fonunda nümayiş etdirdi. O gün bu gün ölkədə qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, cəmiyyətin bütün mənsubları arasında ən yüksək səviyyədə münasibət formalaşıb və onların problemi ən həssas məsələ kimi ən diqqətçəkən hadisə olaraq ön planda olur. Vətən uğrunda əlindən, ayağından - canından, sağlamlığından keçmiş insanların, bu müqəddəs yolda savaşanların hər biri bizim üçün doğmadır. Onlara olan qayğı, diqqət heç zaman əksilməyəcək və bu yöndə sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu siyasətin həmişə davam edəcəyi heç kimdə zərrə qədər şübhə doğurmur.

Təbii ki, problemlər var və onlar da həllini tapacaq. Lakin təəəsüf doğuran haldır ki, bəzən qazilər  problemlərini həll etməyin yolunu hüquqi yollarla deyil, müəyyən aksiyalar keçirməkdə görürlər. Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında qazilərin narazılığı zamanı baş verənlər də hər kəsdə təəssüf hissi doğurdu. Çünki dövlətimiz hər zaman qazi və şəhid ailələlərinə kifayət qədər dəstək göstərir, eləcə də onların problemlərinin həlli üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xeyli işlər görülür. Bəli, etiraf etmək lazımdır ki, nazirliyin elektron sistemində ciddi problem var. Misal olaraq, qazilərdən biri fevral ayında komissiyadan keçib və 14 gün ərzində cavab verilməli olsa da, artıq 3 ay vaxt keçib. Bu günə qədər də cavab gəlməyib. Qazilərin bugünkü narazılıqlarının çoxunun səbəbi demək olar ki, eyni məsələlərdir. Lakin dövlət əmlakına ziyan vurulması, eləcə də aqresiv hərəkətlərin nümayiş etdirilməsi qəbuedilməzdir. Bəli, qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı dövlət komitəsi yaradılmalı və problemli məsələlər orada həll olunmalıdır. Sözsüz ki, bizim qürur yerimiz olan qazilərimin problemləri həllini tapacaq, dövlət və onun müəyyən qurumları da bunu həll edəcək.

Kamran Seyidov


Etiketlər:  Qazilərin problemi qalmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ