Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün erməni parlamenti Qarabağla bağlı o sənədi qəbul etsə... - Revanşistlərin həmləsi

Bu gün erməni parlamenti Qarabağla bağlı o sənədi qəbul etsə... - Revanşistlərin həmləsi

Tarix: 3 Iyun 2022 11:38

Müxalifət lideri bildirib ki, Ermənistandakı bütün siyasi qüvvələr ya bu sənədə səs verməlidir, ya da satqındırlar...

Ermənistan parlamentində yer almış revanşist klan - müxalifət ölkəni Qarabağ üçün səfərbər etməyə hazırlaşır.

"Müqavimət Hərəkatı"nın rəhbərlərindən biri İşxan Saqatelyan bu gün - 3 iyunun Qarabağ üçün həlledici tarix olacağını açıqlayıb.

Spikerin müavini olan Saqatelyan bildirib ki, Ermənistandakı bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətləri ilə bağlı təklif etdiyi bəyanata öz mövqelərini bildirməlidirlər. Onun sözlərinə görə, Qarabağda ermənilərin mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıblar: "Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o, ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir".

Müxalifət liderinin sözlərinə görə, Ermənistan Milli Assambleyasının iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidir: "Hamını meydana dəvət edirik, bir neçə istiqamətə və bir neçə ünvana gedək. Hər kəs - öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir". Bu çağırış hansı nəticələrə səbəb ola bilər? Ermənistan parlamenti Azərbaycan və Ankara ilə münasibətlərə ciddi təsir edəcək, prosesi tormozlayacaq sənədi qəbul edə bilərmi? Hətta sənəd qəbul olunsa belə, danışıqlara nə kimi təsiri olacaq?

Üstəlik, İrəvan revanşistləri bu sənədi qəbul etdirə bilərsə, bu, Ermənistan hakimiyyətinin ABŞ və Avropa ilə münasibətlərini gərginləşdirə bilər. Çünki sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılmasını bütün dünya gücləri istəyir. Eyni zamanda, Avropa Birliyi bildirib ki, Ermənistana müharibənin fəsadlarının aradan qaldırılması ilə bağlı ayıracağı vəsaiti həmin ölkənin davranışına uyğun tənzimləyəcək. Belə görünür ki, erməni lobbisinin təsiri altında olan revanşist güclər Paşinyan hökumətini pis vəziyyətə salmaq üçün çalışırlar, nəinki ölkənin mənafeyini düşünürlər. Bəs bu sənədə Ermənistan parlamentinin münasibəti necə olacaq? Ölkənin ziyalıları, akademikləri çağırışlara qoşulacaqmı?

Milli.Az xəbər verir ki, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə "Yeni Müsavat"a qeyd etdi ki, Ermənistanda özünü müxalifət adlandıran hərbi cinayətkarlar heç bir siyasi dəstəyə malik deyil. Deputatın sözlərinə görə, onlar həmin sənədi keçirə bilməzlər: "Onlar kütləvi dəstək də qazanmayıb. Hətta müharibədən sonra məğlubiyyət də onları hakimiyyətə qaytarmadı və erməni xalqı sülh tərəfdarlarına səs verdi. Seçkinin nəticələri göz qabağındadır. Ona görə "Qarabağ klanı" yalnız terror və yaxud hərbi çevriliş edə bilər ki, bunun üçün də imkanları məhduddur. Fikrimcə, belə sənədlər cinayətkar klanın gündəmdə mövcud olmasına yönəlik addımlardır".

A.Mollazadə hesab edir ki, Ermənistan Türkiyə və Azərbaycanla əlaqələri yaxşılaşdırmasa, bir dövlət kimi mövcudluğu indidən şübhə doğurur: "Hərbi cinayətkarları isə dünyada ancaq özləri kimilər dəstəkləyə bilər. Eyni zamanda biz baxmalıyıq ki, bütün beynəlxalq təşkilatlar mövqeyini necə ifadə ediblər. Xüsusən Avropa Birliyi, eləcə də nüfuzlu ölkələr Azərbaycanın sülh təkliflərini dəstəkləyirlər. Bu mənada revanşistlər erməni cəmiyyətinə yaxşı heç nə təqdim edə bilmirlər və onların siyasəti türkə nifrət üzərində qurulub.  Habelə hakimiyyətdə olduqları dövrdə korrupsiya ilə yadda qalıblar, xaricdən yardımları da mənimsəyiblər. Odur ki, həmin qüvvələri təkcə xaricdəki aqressiv erməni diasporunun bir qismi, yəni terror şəbəkəsinə bağlı hissəsi dəstəkləyir, Rusiya da ciddi dəstək vermir. Sadəcə, mövcudluqlarını qorumaq üçün belə addımlar atırlar və Ermənistan parlamentindən dəstək qazana bilməyəcəklər".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə vurğuladı ki, müxalifət revanşist şüarlarla silahlanıb, lakin parlamentdə çoxluq Paşinyan tərəfindədir və sənədin keçməsi ehtimalı sıfıra bərabərdir. Partiya sədrinin sözlərinə görə, hələ bilinmir ki, hansı sənəd təqdim ediləcək: "Ola bilər ki, "status", yaxud Qarabağın ayrıca tanınması təklifi irəli sürülsün, amma heç bir halda Paşinyan bu sənədin keçməsinə imkan verməz. Nəzərə alaq ki, parlamentdə üstünlük iqtidar partiyasındadır. Əgər bu sənəd keçsə, hakimiyyətin məğlubiyyəti ola bilər. Üstəlik, Ermənistanın Avropa Birliyinin vasitəçiliyi baş tutan Brüssel görüşlərində götürdüyü öhdəliklər var və revanşist qüvvələrin sənədinə görə onların icrasından boyun qaçırması mümkün deyil". A.Əlizadə qeyd etdi ki, müxalifət erməni cəmiyyətini tamamilə öz ətrafına toparlaya bilməyəcək və revanşist çağırışlar nəticəsiz qalacaq.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, erməni müxalifəti tükənib. Onun sözlərinə görə, parlamentdə hər hansı kağız parçasının qəbul olunması heç bir hüquqi rəy yarada bilməz: "Dəfələrlə əleyhimizə qətnamələr qəbul olunub, amma hüquqi qüvvəsi olmayıb. Ona görə keçmiş cinayətkar rejimin çağırışı ilə parlamentin və erməni ictimaiyyətinin toplanıb onların səsinə səs verməsi mümkün deyil. Çünki Saqatelyan kimi qüvvələr Ermənistanda mütərəqqi və demokratik güclər deyil. Belə olsaydı, xalq da dəstək verərdi, Qərbdən də aksiyalara müsbət reaksiyalar verilərdi. Biz bunu görmürük, əksinə, həmin revanşistlərin dünya erməni diasporundan qidalandığını müşahidə edirik. Sadəcə, neçə vaxtdır keçirilən aksiyaların da bir irəliləyişi olmayıb, müxalifətin çağırışları da hakimiyyətə təsir göstərə bilməyib. Düşünmürəm ki, hər hansı sənədlə proseslərin gedişini pozmaq mümkün olsun. Revanşistlərin təzyiqi ilə Avropa İttifaqının, eləcə də Rusiyanın vasitəçiliyi işinə mane olmaq real görünmür".

Partiya sədrinin fikrincə, erməni müxalifəti yalnız sülh müqaviləsinin imzalanması müddətini uzada bilər: "Əslində Paşinyan da Qarabağ məsələsini sülh müqaviləsindən ayırır. Bu məsələdə iqtidarla müxalifətin mövqeyində ciddi fərq yoxdur. Lakin İrəvan kommunikasiyaların açılmasına məcburdur, Zəngəzur dəhlizi də işə düşəcək, sərhədlərin xəritələri də çəkiləcək. Yəni bu məsələdə müxalifət Paşinyana və prosesə əngəl ola bilməz. Paşinyan vurğuladı ki, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin "ayrıca məsələ" olmasını istəyir. Dedi ki, istər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır? Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma "artsax"dan imtina etmədiyini göstərmək niyyətindədir".

Milli.Az


Etiketlər:  Bu gün erməni parlamenti Qarabağla bağlı o sənədi qəbul etsə Revanşistlərin həmləsi


RƏYLƏR