Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ rusun Qarabağ PLANInı pozmağa başladı - İrəvana İLK XƏBƏRDARLIQ

ABŞ rusun Qarabağ PLANInı pozmağa başladı - İrəvana İLK XƏBƏRDARLIQ

Tarix: 6 Iyun 2022 12:36

Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan üçüncü görüşün əvvəlkilərdən daha faydalı və effektiv olduğunu gördük. Mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclası gerçəkləşdi ki, bu da son olmadı. Ardınca iki gün əvvəl Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçirildi.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrupunun sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşdığını nəzərə alsaq, o zaman Brüssel görüşünün proseslərə nə qədər təsiredici gücə malik olduğunu anlamaq mümkündür.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi - sərhədlərin delimitasiyası və sülh danışıqları istiqamətində praktiki addımlar atılması istiqamətində iki qüvvə moderatorluğu öz əlində cəmləməyə çalışır. Moskva Brüssel görüşündə əldə olunan razılıqlardan kənara çıxmağın Rusiya üçün heç də yaxşı nəticələrlə yekunlaşmayacağını, yeni müttəfiqi (Fevralın 23-də Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsi imzalanıb - red.) Azərbaycanı özündən uzaqlaşdırmaqdan başqa bir şey verməyəcəyini anladığından Avropa İttifaqının təşəbbüsünü, sülhü və sərhədlərin bölünməsi məsələsini dəstəklədiyini göstərmək mənzərəsi yaratmaq məqsədilə 6 aydan sonra Üçtərəfli İşçi Qrupun növbəti iclasına təşəbbüs göstərdi. 

Amma bununla paralel olaraq Qarabağda və Rusiyada bu hadisələr fonunda baş verən son hadisələrə istinad etsək, görərik ki, Moskva nə yerində sakit durmaq fikrindədir, nə də göstərməyə çalışdığı "sülhsevər" obrazını səmimiyyəti ilə oynamağı planlaşdırır. 

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutdu ki, fikir versək görərik ki, son silahlı insidentlərin hamısı eyni istiqamətdən törədilir. Ermənistan tərəfi məhz atəşkəsi dövlət sərhədinin Basarkeçər rayonu ərazisindən pozmaqla nəyə nail olmaq istəyir? Son bütün silahlı insidentləri məhz həmin mövqedən törədən ermənilər, yaxşı anlayırlar ki, bu ərazilər Azərbaycanın tarixi torpağı olsa da beynəlxaq səviyyədə Ermənistan ərazisi kimi tanınır. Spekulyasiya edərək Azərbaycan Ordusunu atəş nöqtəsini məhv etmək məqsədilə Ermənistan ərazisinə müdaxilə etməyə vadar qoymağa çalışmaq istəyən Ermənistana bu sifarişin Moskvadan gəldiyi istisna edilmir. 
 
Bu təxribatlar həm Ermənistanın hazırki iqtidarının işinə yarayır, həm də Şərqi Avropada müharibənin içində olan Rusiyanın planına uyğun ssenaridir. Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Amma Ermənistan anlamır ki, törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Eyni zamanda bununla Ermənistan həm də nəzərdə tutulan xüsusi komissiyaların növbəti görüşü ilə yanaşı, eyni gündə Moskvada keçirilməsi planlaşdırılan Üçtərəfli İşçi Qrupun iclasının əhəmiyyətini sıfırlamağa çalışdı. Beləcə, İşçi Qrupunun növbəti görüşünü yenə qeyri-müəyyən bir tarixə kimi təxirə salmaqla Ermənistanla Azərbaycan arasında həll edilməli olan sərhəd problemi və dəhliz məsələsinin dalana dirənməsi planının Moskvanın işinə yaradığını nəzərə alsaq, İrəvanın hələ də məhz onun sifarişini yerinə yetirdiyini anlamış olarıq. 

Rusiyanın ən aparıcı dövlət informasiya agentliklərindən olan "RİA Novosti" Azərbaycan Respublikasının artıq 1 il 7 aya yaxındır müvəqqəti olaraq Kremlin nəzarətində qalan ərazisindəki "sülhməramlı" hərbi kontingentin himayəsində fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin əldəqayırma "dövlət naziri" Artak Beqlaryandan "faktiki" "müstəqil" "dövlət" təmsilçisi kimi müsahibə götürməsi Moskvanın növbəti sifarişindən xəbər verir. Agentliyə müsahibəsində "respublika"nın qondarma naziri Artak Beqlaryan danışıb. Revanşist, yeni ərazi iddiaları, savaş ritorikası ilə zəngin olan bu müsahibə Brüssel görüşləri ilə yanaşı üçtərəfli Bəyanatların da mahiyyətini sıfırlamaq, danışıqlar prosesinə ciddi maneə yaratmaq üçün manipulyasiya cəhdindən başqa bir şey deyil.

Göründüyü kimi, Rusiya dövlət informasiya agentliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq təhdid mövqeyində duran separatçı-terrorçu rejimin qondarma "dövlət nazir"indən müsahibə götürməsi bir yana, müsahibənin şərhində "Dağlıq Qarabağ Respublikası" və "Artsax Respublikası" birləşmələri  dırnaqsız-filansız təqdim edir. Birləşmələrin əvvəlindəki "tanınmamış" təyini isə Kreml  üçün separatçı qurumun "tanınmaq ehtimalı olduğunu" da nümayiş etdirir. Materialda həmçinin "dövlət naziri" birləşməsi də dırnaqsız təqdim olunur ki, bu da Bakını qıcıqlandırmaq, danışıqlar prosesindən imtina edərək Azərbaycanı birbaşa təxzribata çəkmək məqsədi daşıyır. 
 
Azərbaycan Rusiyanın növbəti təxribatıyla bağlı kəskin mövqeyini bildirərək bu agentliyin ölkə ərazisində fəaliyyətini blokladı. Və rəsmi Bakı bununla açıq bəyan etdi ki, Artak Beqlaryanın "RİA-Novosti"yə müsahibəsi, RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır. Başqa sözlə, "qızım, sənə deyirəm, gəlinim sən eşit..."

Rusiyanın özünü "canıyanan" kimi göstərib, başqa planlar quraraq bu cür təxribatlara şərait yaratması Azərbaycan qədər artıq Avropa İttifaqını da ciddi narahat etməyə başlayıb. 

İyunun 1-də Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin bəyanatında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı son proseslərlə əlaqədar "spekulyasiyalar təəssüf doğurur" fikri İrəvanın cığallıqlarına cavab kimi qiymətləndirilməklə yanaşı, Brüsselin Moskvanın da prosesə barmaq etməsindən xəbərdar olduqlarına bir eyham idi. 

Nəzərə alsaq ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair Brüssel görüşünün 3-cü raundunun yekununa dair bəyanatında da "Dağlıq Qarabağ"ın və bu regionun "status"unun adı çəkilməyib. Brüssel görüşündən sonra hər şeyin plana uyğun irəlilədiyinin düşünüldüyü bir vaxtda yenidən ermənilərin Kremlə "sitayişi" artıq Amerikanı da bərk qəzəbləndirib kimi görünür. 

ABŞ Dövlət Departamentinin son bəyanatı bu iddiaları bir az da artırır: "Əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə və dağıntılara, və "xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar ki, tamamilə dağıdılması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına" görə Ermənistan məsuliyyət daşıyır".

Bu Bəyanatdan da belə aydın olur ki, ABŞ da artıq Ermənistanın ikili oyunlarından təngə gəlməyə başlayıb. Dövlət Departamenti də fərqinə varır ki, İrəvan Moskvanın sifarişi əsasında sulh danışıqları prosesini manipulyasiya etmək məqsədilə istənilən havanı oynamağa hazırdır. Bu isə təbii ki, indiki vəziyyətdə təkcə Azərbaycana yox, eləcə də Ağ Evə qarşı çıxmaq deməkdir.

Co Baydenin bir neçə gün içində ard-arda İlham Əliyevə göndərdiyi iki məktubunda ABŞ-ın Bakının regionda sülh təşəbbüsünü dəstəklədiyinin şahidi olduq və o da məlum oldu ki, Ağ Ev Azərbaycan liderinin sülh çağırışının alternativinin olmadığı ilə 44 günlük müharibənin ilk günlərindən fərqli olaraq, artıq tam razıdır. Təbii ki, burada fərqli maraqlar olsa da situasiya hər iki tərəf üçün ən ideal seçimdir. ABŞ ən güclü rəqiblərindən biri olan Rusiyanı çökdürmək üçün əlinə düşən fürsətdən maksimum yararlanmaq niyyətindədirsə, Azərbaycan regionda sülh, əməkdaşlıq, inkişaf prinsipləri əsasında bölgə və Cənubi Qafqaz üçün yeni dövrün başlamasına can atır. İstər Aİ-nin, istərsə də ABŞ Dövlət Departamentinin son bəyanatlarından da bir daha aydın olur ki, Ermənistan üçün çəmbər nəzərə çarpacaq dərəcədə daraldı.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  ABŞ rusun Qarabağ PLANInı pozmağa başladı İrəvana İLK XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ