Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 8202 İİV xəstəsi qeydiyyatdadır

Azərbaycanda 8202 İİV xəstəsi qeydiyyatdadır

Tarix: 9 Iyun 2022 19:52

"Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur".

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda isə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib:

"Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal "90-90-90" hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır".

Şöbə müdiri deyib ki, ölkədə İİV-lə mübarizə tədbirləri çərçivəsində aparılan fəaliyyətin nəticəsi olaraq, ötən ilin sonuna İİV-lə yaşayan insanlardan öz İİV-statusunu bilənlər - 74,0%; onlardan ART-yə (Antiretrovirus terapiyaya) cəlb olunanların - 87,8%; müalicə qəbul edənlərdən virus yükü təyin olunmayanlar - 86,0% təşkil edir:

"Göstəricilər bu yaxınlarda Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbər şəxslər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qlobal Fondun Missiyası Mərkəzin fəaliyyətini digər regional ölkələrə müsbət nümunə kimi göstərəcəklərini qeyd ediblər. Qonaqlar Mərkəzin ümumi fəaliyyəti və Qlobal Fondun layihələrinin Mərkəz tərəfindən icra vəziyyəti ilə tanış olduqdan sonra əldə olunan ümumi nəticələrin gözlənilən tələblərə uyğun olduğunu vurğulayıblar".

Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinəsindən keçsin. Müayinələr Mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslərə Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre- və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur".

Günəş Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar:

"Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının və İİV-in ötürülmə tezliyinin azaldılmasıından ibarətdir. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Burda ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar həkimlərimiz tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.

İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. İİV-ə yoluxmuş hər bir hamilə qadın Mərkəzdə nəzarətə götürülür, hamiləlik müddətində, həmçinin hamiləlikdən sonra uğurlu şəkildə anadan uşağa ötürülmənin profilaktikası aparılır və İİV-ə yoluxmuş hamilə qadın sağlam övlad dünyaya gətirir. Burada əsas şərt hamiləlik müddətində dərman preparatlarının səliqəli şəkildə qəbulu və doğuşun keysəriyyə əməliyyatı ilə sonlandırılmasından ibarətdir. Qeyd edim ki, bu zaman yenidoğulmuşun ana südü ilə qidalandırılması yolverilməzdir".


Etiketlər:  Azərbaycanda 8202 İİV xəstəsi qeydiyyatdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ