Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 12:32
Çimərlik mövsümünün başlamasına 5 gün qalır. İstirahət üçün dənizə üz tutacaq vətəndaşların son dərəcə diqqətli olmaları tövsiyə olunur. Belə ki, Xəzər Dənizinin relyefində baş verən dəyişikliklər nəticəsində boğulma riskini artıran ərazilər yaranıb. Söhbət hansı ərazilərdən gedir?
Fövqəladə Hallar Nazirliyi bəzi çimərliklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili bildirib ki, çimərlik mövsümü ilə əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirləri görülüb. Aprel ayından etibarən sahilboyu ərazilərdə monitorinqlər aparılıb. Aşkar edilən relyef dəyişikliklərinin səbəbi dənizdə baş verən qabarma və çəkilmələr, eləcə də güclü küləklər nəticəsində yeraltı axınların istiqamətinin dəyişməsidir.
Şöbə rəisi vətəndaşların çimərlik seçərkən diqqətli olmalarını tövsiyə edib. Bildirib ki, insanlar Xilasedicilərin olmadığı çimərliklərə getməkdən çəkinməlidirlər. Çünki belə yerlərdə boğulma təhlükəsi yaranarsa, bunun qarşısını almaq demək olar ki, mümkünsüz olur.
Aqşin Əlili əlavə edib ki Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iyunun 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.