Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir sorğunun üzə çıxardığı gerçək - əhali icra hakimiyyətlərinə etibar etmir

Bir sorğunun üzə çıxardığı gerçək - əhali icra hakimiyyətlərinə etibar etmir

Tarix: 17 Iyun 2022 18:54

Azərbaycanda respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edir, 10,2%-i isə əsasən etibar edir. Bu, Sosial Tədqiqatlar Mərkəzinin dövlət başçısının bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Mərkəzdən bildirilib ki, məqsəd Prezidentin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Respondentlərin Birinci vitse-prezident Mehriban Əliyevaya inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Sorğunun nəticələrini necə şərh edərdiniz? Parlamentə və xüsusən icra hakimiyyətlərinə inam niyə belə azdır?

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, keçirilən rəy sorğusunda Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə xalqın yüksək etimadı anlaşılandır: "44 günlük Vətən müharibəsində böyük qələbə və ondan sonrakı dövrdə atılan son dərəcə düzgün addımlar təbii ki, ölkə rəhbərliyinin nüfuzunu yüksək səviyyədə saxlamaqdadır. Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin həm Azərbaycanın Qarabağ üzərində suverenliyini təmin etmək üçün atdığı addımları, gördüyü işləri qiymətləndirir və bu addımların nə qədər doğru olduğunu anlayır, həm minaların təmizlənməsi, azad olunmuş ərazilərdə quruculuq işlərinə müsbət dəyər verir. Digər addımlar da insanları qane etdiyindən sorğunun bu nəticəsini normal saymaq olar.

Parlamentə və məhkəmə orqanlarına xalqın münasibəti mənim gözlədiyimdən xeyli yüksəkdir. Əhalinin həm parlamentə, həm də məhkəmə orqanlarına o cür münasibət göstərməsi sevindiricidir. Mümkündür ki, burada müəyyən yanlışlar da ola bilər. Bütün rəy sorğularında bu cür hallar ola bilir.  Ona görə də parlament və məhkəmələrə münasibət reallıqda başqa cür də ola bilər. Məhkəmə elə bir orqandır ki, mütləq xalqın etimadını, inamını qazanmalıdır. Parlamentdən isə başqa tələblər var. Parlamentdən narazılığı müəyyən qədər anlamaq olar. Çünki gözləntilər bəzən həddən artıq yüksək olur və bütün gözləntiləri həyata keçirmək olmur. Lakin məhkəmələr ədalət mühakiməsini həyata keçirməlidirlər. Məhz bu zaman onlar xalqın mütləq əksəriyyətinin etimadını qazanarlar".

Partiya sədri qeyd etdi ki, yerli icra hakimiyyətlərinin nüfuzunun aşağı olması hamımızı düşündürməlidir. Yerlərdə işin düzgün qurulması məsələsi bu gün gündəliyin əsas məsələsi olmalıdır: "Bu, bir tərəfdən yerli icra hakimiyyəti başçılarının səviyyəsi ilə bağlı məsələdirsə, digər tərəfdən, bu sahədə islahatların daha da dərinləşməsi ilə bağlıdır. İri inzibati ərazi vahidlərinə keçilməlidir, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Yerli idarəetmə orqanlarına xalqın etimadının aşağı olması ciddi narahatedici faktordur. Çünki əhali ilə işləyən əsas qurumlar onlardır. Onlara yerlərdə etimad azdırsa, deməli, əhalinin hakimiyyət orqanları ilə münasibətində müəyyən problemlər var. Yerli icra hakimiyyətlərindən narazılıq ölkə üçün də ciddi problem sayılmalıdır. Bu barədə düşünmək lazımdır. Bu rəy sorğusunun nəticələri ciddi araşdırılmalı və zəruri addımlar atılmalıdır".

AĞ Partiyanın sədri Tural Abbaslı bu cür sosioloji sorğuların keçirilməsini müsbət qiymətləndirdiyini bildirdi: "Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzinin tez-tez belə sorğular keçirib ictimailəşdirməsi müsbətdir. Çünki ən azından iqtidarın ictimai rəylə hesablaşması mənzərəsi yaradır. Ona görə bu cür sorğuların heç bir ziyanı yoxdur. Ən azından bizim də əlimizdə-dəqiqliyi müzakirə mövzusu ola bilər-bir rəqəm, bir istinad nöqtəsi olur. Yoxsa kimə nə deyirsə, "deyir haradan bilirsən?" Nəzərə alsaq ki, ictimai rəy sorğuları adətən iqtidarın mövqeyinin möhkəmləndirilməsi üçün keçirilir və Azərbaycan kimi ölkələrdə bir çox hallarda bu məsələ konyuktura xidmət edir, hər halda, burada çox diqqətçəkici rəqəmlər var. Məsələn, məhkəmələrə, parlamentə, Nazirlər Kabinetinə, yerli icra hakimiyyətlərinə əhalinin münasibətini göstərən rəqəmlər heç də ürəkaçan deyil. Bu rəqəmlər göstərir ki, həmin strukturlara əhalinin xeyli hissəsinin etimadı, inamı yoxdur. Yəni bu rəqəmlər hansısa müxalifət təşkilatının keçirdiyi sorğunun ortaya çıxardığı durum deyil, bu, iqtidarın bir qurumunun keçirdiyi sorğunun nəticələridir. Bu nəticələrdən bir daha aydın olur ki, əhali xüsusilə yerli icra hakimiyyətlərinə etibar etmir, inanmır. İnsanlar normal xidmət, ədalətə, qanunlara əsaslanıb qərarlar verən məhkəmələr görmək istəyir. Bu sorğunun ortaya çıxardığı nəticələrdən biri budur. Düşünürəm ki, təcili surətdə həmin icra hakimiyyəti orqanlarının məsələsinə baxılmalıdır. Yerlərdə idarəetmədə dəyişikliklərə gedilməlidir, müxalifətin potensialından istifadə olunmalıdır, daxili nəzarət sistemi mexanizmi qurulmalıdır. Məhkəmə orqanlarında çox ciddi islahatlar aparılmalıdır, məhkəmə institutunun tamamilə müstəqil olması üçün addımlar atılmalıdır. Parlament buraxılmalı və proporsional seçki sisteminin də tətbiq edildiyi demokratik  parlament seçkiləri keçirilməlidir. Xalqdan gələn sosial sifariş nəzərə alınmalıdır".  

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə bildirdi ki, Prezident İlham Əliyevə xalqın etimadı 44 günlük müharibədən sonra çox sürətlə artmaqdadır. Sorğuda Prezidentə xalqın etimadının yüksək göstəricisi tamamilə təbiidir. Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyevaya münasibət də eyni qaydada yüksəkdir: "Bu da təbiidir. Mehriban xanımın fəaliyyəti əhali arasında çox rəğbətlə qarşılanır. Sorğunun digər qurumlarla bağlı nəticələrinə gəldikdə, cəmiyyətdə ədalət mühakiməsinə, həmçinin qanunvericilik hakimiyyətinə münasibətin yüksək olmaması, əhalinin cəmi üçdə birinin etimad göstərməsi isə heç də yaxşı hal deyil. Bu nəticələr onu göstərir ki, bu istiqamətlərdə problemlər mövcuddur. Ona görə də islahatlar prosesi davam etdirilməlidir. Məhkəmə Hüquq Şurasının yenidən təşkil olunması da korrupsiya ilə mübarizə tədbirləri ilə bağlı qəbul edilən proqramda əksini tapır.

Nazirlər Kabinetinə və yerli icra hakimiyyətlərinə olan etimadın az olması narahatedicidir. Bu sorğunun nəticələri cəmiyyətin mövqeyini təsbit edən güzgüdür. Cəmiyyətdə vacib qurumlara olan etimadsızlığın qarşısı ancaq və ancaq həyata keçirilməkdə olan islahatların dərinləşdirilməsi və məntiqi nəticələrə varması ilə alına və vəziyyət müsbətə dəyişə bilər".

Milli.Az


Etiketlər:  Bir sorğunun üzə çıxardığı gerçək əhali icra hakimiyyətlərinə etibar etmir


RƏYLƏR