Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 dəfə Həcc ziyarətinə gedən Xalq artisti

7 dəfə Həcc ziyarətinə gedən Xalq artisti

Tarix: 18 Iyun 2022 14:50

"Ümumiyyətlə Azərbaycanda kino mövzusuna başqa cür yanaşırlar. İnsanlara elə gəlir ki, yuxuda hansısa kino aktyoru görmüsənsə mütləq aktyor olmalısan. Cavan uşaqların beynində belə bir şey var ki, aktyorluq asan sənətdir, mütləq səndə alınacaq və səni yolda çiçəklərlə qarşılayacaqlar. Bu məqama çatmaq üçün ağır yol keçməlisən, əziyyət çəkməlisən. Mən bir xanımdan soruşdum ki, qızım, sən nə sənətindəsən? Niyə aktrisalıq etmək istəyirsən? Təsəvvür edin, tibb bacısı olan xanım, aktrisa olmaq istəyir. Mən ona sübut edə bilmədim ki, əlimdən başqa bir iş gəlsəydi, bu gün aktyor olmazdım".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra əlavə edib.

"Mənim ilk aktyorluq fəaliyyətim evdə başlayıb. Nənəmin yun çubuğunu götürüb, "Ögey ana" filmindən "Kəndimiz" mahnısını oxuyub, o başa, bu başa gedirdim. Gələn qonaqlar üçün bu mahnını oxuyurdum. Amma ekranda ilk çəkildiyim film "Baladadaşın ilk məhəbbəti" filmidir. İndi deyirlər ki, bu rola başqa aktyorlar da çəkilməli idi. Mən gizlətməyəcəm, foto sınaqdan keçməmişdim. Amma rejissorla operator məni yenidən foto sınağına çəkdilər və tapşırdılar ki, bunu heç kimə demə. Çünki kinostudiyanın direktoru bilsəydi onları işdən çıxardardı. Mən onlara kişi sözü verdim. Gəlib bunları müəlliməmə danışdım. Sən demə müəlliməm də kinostudiyanın direktoru, Ədil İsgəndərovun qızı imiş (gülür). Sınaq çəkilişlərində isə Telman Adıgözəlovla mən idim. Rəhbərlik də Telmanın tərəfində idi. Elə oldu ki, filmdə mən çəkilməli oldum" deyə aktyor bildirib.

Xalq artisti 7 dəfə Həcc ziyarətinə getdiyini də bildirib.

"Həcc ziyarətinə getmək Allahın çağırışıdır. Çağırsa yenə də gedəcəyəm. Əlimə fürsət düşəndə çağırış kimi qəbul edib, məmnuniyyətlə gedirəm. İlk dəfə Həcc ziyarətinə 1994-cü ildə getmişəm. Müharibə gedirdi, şəhid analarını görürdüm. Birdən ürəyimə damdı ki, Məkkəyə getsəm müharibə qurtaracaq. Allah çağırdı, getdim. May ayının 11-də ad günüm idi, 12-də mən orada namaz qılanda atəşkəs oldu. Mən bu faktı şeyxə dedim, dedi ki, yatma, Peyğəmbərin (s) minarələrini görəndə ona ehtiramla salam ver və arzunu de. Mən də səhərə qədər yatmadım. Orada arzuladım ki, Allahım, sən mənə qismət et, Şuşa məscidində qələbə namazı qılım. Mən möcüzə gördüm, istinin tüğyan etdiyi bir vaxtda sübh tezdən, Şuşanın havası gəldi ora. Duman, çiskin... Eynilə Şuşada olduğu kimi. Mən bilirdim ki, Şuşada gedib qələbə namazı qılacağam" deyə aktyor bildirib.


Etiketlər:  dəfə Həcc ziyarətinə gedən Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ