Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 19:26
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Sankt-Peterburq İqtisadi Forumunda - Rusiya prezidenti Vladimir Putinin yanında qondarma "dxr" və "lxr"-i "kvazidövlət"lər adlandırdı. Və bunu BMT Nizamnaməsi ilə izah etdi.
"BMT Nizamnaməsindəki iki əsas prinsip - ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyin etmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Bu prinsip Luqansk və Donetsk olan kvazidövlət ərazilərinə də şamil olunacaq". - Tokeyev deyib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Putinin yanında dediyi bu sözləri bir qədər yumşaltmaq üçün "bu, səmimi suala səmimi cavabdır" deyə əlavə də edib.
Yanvar hadisələri fonunda Qazaxıstan prezidentinin bu çıxışı cəsarətlidir, xüsusilə Putinin yanında. Amma Tokayevin bu məsələdə kiçik tərəddüdü belə öz əleyhinə olardı, təkcə ona görə yox ki, BMT Nizamnaməsi bunu tələb edir, burada söhbət Qazaxıstanın ərazi bütövlüyündən gedir. Tokayev də bilir ki, Ukrayna ərazisini "rusların və rus dilli əhalinin müdafiəsi" iddiası ilə işğal edən Rusiyada Qazaxıstanın şimal bölgəsinin eyni iddia ilə "ilhaqı" planı həmişə mövcud olub.
Tokayev əslində Putinə "Qazaxıstanda eyni ssenariyə imkan vermərik" deyir.