Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 12:40
Bakı. Samir Əli - Trend:
Ümid Partiyasının sədri İqbal Ağazadə AXC sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddəti kəskin pisləyib.
Trend-in məlumatına görə, partiya sədri bu məsələdə Fuad Qəhərmanlını sərt tənqid edib: "Sosial şəbəkədən oxuduğum məktub məni sarsıtdı. Həm tanınmış bir ailədə baş verənlər, həm də ailənin xanım üzvlərinin şiddətə məruz qalması acısından.
Kim haqlıdır? Sosial şəbəkələrdə hamı bu suala cavab verməyə çalışır - kimi dünyagörüşünə, kimi siyasi mənsubiyyətinə, kimi də tərbiyəsinə uyğun.
Qısaca fikirlərimi bildirəcəyəm. Kiməsə şiddət tətbiq edilibsə, bu cinayətdir.
Söhbət uzun müddət davam edən, fiziki və psixoloji travma gətirən, nəhayətdə ictimailəşdirilməyə məcbur buraxılan şiddətdən gedir.
Hər bir ailədə səs tonu yüksələ də bilir, hətta uşağı kimsə yüngülcə vura da bilir. Lakin valideyn sevgisinin böyüklüyü ona qarşı ediləni unutdurur, uşağa travma yaşatmır.
Qadına şiddət isə dartışılacaq mövzu deyil, bu orta əsr təfəkküründən uzaqlaşa bilməməyin göstəricisidir. Şiddət artıq onu ictimailəşdirmək dərəcəsinə çatıbsa, şəxsi, ailə məsələsi deyil - ictimai, sosial bəladır və o hamı tərəfindən qınanmalıdır ki, başqaları bunu bir daha etməsin".
İ.Ağazadə bildirib ki, şiddət göstərdiyi iddia edilən ictimai-siyasi statuslu şəxsdirsə, cəmiyyətin onu müzakirə etməsi təbiidir və həm də çox vacibdir: "Çünki ictimai-siyasi statusu olan şəxslər cəmiyyət qarşısında sorumludurlar, hərəkətlərinə görə də toplum qarşısında cavab verməlidirlər. Onun hansı mövqedə olması - iqtidar ya müxalifət - əhəmiyyət daşımır.
Qadının və qızın geyimini, davranışını, ictimai-siyasi fəaliyyət göstərməsini əsas gətirərək şiddət göstərdiyi iddia edilən şəxsi kimsə demokrat qiyafəsinə bürüyüb müdafiəyə çalışmamalıdır. Çünki uzun illər bu seçimə razı olub birgə yaşayıblarsa, demək ki, geyim, davranış, ictimai-siyasi fəaliyyət onların birgə qəbullandığı tərz olub.
Bunu ona görə qeyd etdim ki, bəziləri əsaslandırmağa çalışır ki, əgər tanıdığımız xanımlara mane olmayıblarsa, demək ki, deyilənlər həqiqət deyil.
Təşkilat sədrinin müavini haqqında bu fikir deyilirsə və bu şiddət və zorakılıq üzvlərlə müzakirə olunubsa, təşkilat gunahkardır. Çünki ideallar və dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir təşkilat bu halı ört- basdır etməməli, ən yüksək vəzifə tutan üzvünun bu hərəkətinə göz yummamalı idi. Edibsə, ideallarına, mübarizəsinə, yoluna və dəyərlərinə xəyanət edib. Əgər üzvü olan bir xanımı öz ailəsində belə şiddətdən qoruya bilmirsə, cəmiyyətə bəyan etdikləri sadəcə bir hekayədir".
Partiya rəhbəri bu məsələdə Fuad Qəhrəmanlının deyil, onun ailəsinin yanında olduğunu bildirib: "Mən Selcanın və Zümrüd xanımın yanındayam. Ona görə ki, bir körpə dözməyərək cəmiyyətə bağırırsa, səsini duyurmağa çalışırsa, qarşı tərəf ən azı məsələnin bu yerə gəlib çatmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyır.
İddiaçı tərəf Selcandır. Şübhəli tərəf atadır. Ata təqsirləndirilən tərəf olacaqmı? Bunu demək hələ çətindir. Lakin bir qız övladı atasından gördüklərinə görə ondan imtina edib bunu ictimaiyyətə duyurursa, digər övlad da eyni mövqe sərgiləyirsə, bəraətə yer yoxdur - Olanlar barədə az və ya çox deyilməyindən asılı olmayaraq".
İ.Ağazadə deyib ki, F. Qəhrəmanlının ailəsində baş verənlər cəmiyyətin bəlasıdır: "Biz bunları aradan qaldırmağı bacarmalıyıq. Birlikdə yaşaya bilməyənlər zamanında doğru qərar verməyi bacarmalıdırlar. Boşanmaq, ayrı yaşamaq faciə deyil. Əsl faciə bir yerdə bu cür yaşamaqdır. O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin