Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 19:15
Putinin barmaqla sayılası etibarlı kadrlarından olan Sergey Lavrovun Bakı səfəri bitdi. Rusiya baş diplomatı hətta Şəhidlər Xiyabanını da ziyarət elədi. Onun ölkə rəhbərliyi ilə, azərbaycanlı həmkarı ilə görüşlərinin, ümumən Azərbaycanda apardığı danışıqların, verdiyi açıqlamaların real nəticəsini görmək üçünsə təbii ki, bir qədər zamana ehtiyac olacaq.
Ukrayna böhranının təsdiqlədiyi kimi, hər necə olmasa, bu - yeri gələndə yazılı öhdəliyini belə, asanca unudan bir dövlətin yüksək çinli rəsmi şəxsi, XİN rəhbəri. Üstəlik, illər öncə İrəvanda olarkən uydurma "soyqırımı" abidəsinə gül-çiçək qoyan, arxasını Ağrı dağına çevirib çəkdiyi selfi ilə qardaş Türkiyəyə ərazi iddiası mesajını göndərən erməni kökənli birisi...
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, buna rəğmən və eyforiyaya qapılıb eləmədən səfərlə ilgili xeyrimizə sayıla biləcək bəzi qənaətlərin altını indidən cızmaq olar.
Ondan başlayaq ki, Qarabağ mövzusunda tərəflər öz mövqelərini kifayət qədər yaxınlaşdıra bildi. Lavrov faktiki rəsmi Bakının tezislərini təkrarladı: "Dağlıq Qarabağ konflikti", "Dağlıq Qarabağ" ifadələrini işlətmədi, əvəzində "Qarabağ", "post-konflikt nizamlanması" sözləri ilə kifayətləndi; həmçinin "ATƏT-in Minsk Qrupu artıq mövcud deyil", "müharibədən sonra vəziyyət dəyişib, Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlər geridə qalıb" söyləməklə üzdəniraq qurumun tabutuna sonuncu mismarları vurdu.
Eyni zamanda, öz soydaşlarının "yara"sıına duz basdı. O üzdən erməni tərəfinin iniltili cavab reaksiyası özünü çox gözlətmədi. Haylar iki gündür yenə yas içindədir, ağlaşma qurublar. Axı Rusiya kapitulyant ölkənin xilaskarı olmaqla yanaşı, - nankor ermənilər bunu israrla dansalar da, - onun 1 nömrəli hərbi-siyasi müttəfiqi olaraq qalır. İlyarım öncəyə qədər isə onlar həm də işğal ortaqları idilər.
Odur ki, erməni KİV-ində, sosial şəbəkələrdə Lavrov timsalında Moskvanın ünvanına püskürdülən növbəti xəyanət İttihamı zərrəcə təəccüblü olmadı. O Lavrov ki, bu ayın əvvəlində İrəvanda olarkən etirazçılar onu ən pis söyüşlə təhqir də eləmişdilər. Yenə söyməyə başlayıblar...
Beləcə, ermənilər "bəlkə də qaytardılar" illüziyasından heç cür qurtula bilmir, "od sönəndən" sonra indi də "küllə" oynayırlar. Yoxsa Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Lavrovun Bakıdakı məlum açıqlamaları fonunda təkrarən və həyasızcasına "10 noyabr kapitulyasiya sənədində Dağlıq Qarabağ ifadəsi var" deyib özünə təsəlli verməzdi.
Yaxşı, lap tutaq ki, belədir. Bunun Ermənistana nə dəxli? Məgər sənəddə hansısa statusdan danışılır? Yaxud bəlkə Bakı statusla bağlı öz üzərinə hansısa öhdəlik götürüb? Ya bəlkə 10 noyabr sazişində "Dağlıq Qarabağ" müstəqil tərəf, subyekt qismində göstərilir, Azərbaycan dövləti isə "Dağlıq Qarabağ" anlayışına sonsuzadək sadiq qalacağı, onu saxlayacağı barədə öhdəliyə imza atıb?
Əlbəttə ki, yoxdur belə şey. Sadə səbəbə: Qarabağın aranı da, dağı da Azərbaycanın qanuni, ayrılmaz hissəsidir, hansısa eksterritorial, şərikli və ya mübahisəli ərazi yox! Bunu artıq Rusiya da qəbul edir.
Elə isə 10 noyabr üçtərəfli anlaşmasından sonra öz ərazimizin inzibati quruluşunda dəyişiklik edəndə, Qarabağ iqtisadi zonası yaradanda biz Ermənistandan, Rusiyadan, yaxud da ABŞ-dan icazəmi almalı idik?
Kəsəsi, sırf aralıq mahiyyət daşıyan 10 noyabr kapitulyasiya sənədində "Dağlıq Qarabağ" ifadəsi varsa, daha olmayacaq! Yeri gəlmişkən, haylar əmin ola bilər: bu, Azərbaycanın Ermənistanla imzaladığı və "Dağlıq Qarabağ" ifadəsinin keçdiyi sonuncu ortaq sənəddir. O da təkrar edirik, aralıq mahiyyət daşıdığı üçün və böyük ehtimalla, Rusiya sülhməramlı qüvvələrin dislokasiya yerini dəqiq göstərmək məqsədi ilə bu ifadədən istifadə olunub. Ermənilər isə ondan "saman çöpü" kimi yapışıblar. Əbəs cəhdlərdir.
Amma kimə deyirsən. Lavrov Bakıdaykən Mirzəyan kimi, Paşinyan da köhnə bayatısından qalmayıb. İrəvanda Almaniya səfiri ilə görüşdə o görün nə deyib: "Dağlıq Qarabağın statusu məsələsi həll olunmamış qalır. Bu status beynəlxalq səviyyədə tanınmış format - ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində nizamlanmalıdır".
Nə deyəsən indi bu sırtıqlığa? Vərdişi tərgitmək doğrudan da xəstəliyə gətirir. Zatən, saatı çoxdan "yatan" bu millət onsuz da xəstə idi...