Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 22:38
Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib", - Baş Qərargah açıqlayıb.
Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.
Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini azad edilərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.
Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.