Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçki qəbul edərkən bu dərmanlardan istifadə etmək olmaz - Orqanları sıradan çıxarır

İçki qəbul edərkən bu dərmanlardan istifadə etmək olmaz - Orqanları sıradan çıxarır

Tarix: 10 Iyul 2022 15:02

Dərman qəbul edərkən spirt içmək bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər.

Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, dərmanın təsir göstərməsi üçün o, qan dövranına daxil olmalı və təsir yerinə çatmalıdır. Dərman gözlənilən təsiri göstərdikdən sonra müxtəlif fermentlər tərəfindən məhv edilir və bədəndən çıxarılır. Alkoqol da dərman kimi qan dövranına daxil olur və parçalanaraq bədəndən atılır. Lakin o, müxtəlif mexanizmlər vasitəsi ilə (dərmanı parçalayan fermentləri tutmaq, mədə boşalmasını gecikdirmək və s.) dərmanın effektivliyinin dəyişməsinə səbəb ola bilər. Belə ki, alkoqol eyni fermentlərə bağlanmaq üçün dərmanla rəqabət apara bilir və bu da dərmanın parçalanmasının qarşısını alır. Qarşılıqlı təsir nəticəsində dərman parçalana bilmədiyi üçün orqanizmdə qalma müddəti uzanır və əlavə təsirlər yaranır. Əksinə, xroniki, yəni uzun müddətli spirt istifadəsində dərmanı parçalayan fermentlər lazım olduğundan daha tez hərəkət edə, onun orqanizmdə qısa müddət qalması nəticəsində dərmanın təsiri azala bilər. Bundan əlavə, spirt bəzi dərmanlarla, məsələn, antihistaminiklər və ya allergik şəraitdə istifadə edilən antidepresanlarla istifadə edildikdə görülən sedativ (sakitləşdirici) təsiri gücləndirə bilər.

Fərdlər arasında fərqlər olsa da, alkoqol-dərman qarşılıqlı təsirinin nəticələri qəbul edilən maddələrin növü və miqdarından, istifadə müddətindən, dözümlülüyündən, həmçinin bir sıra gözlənilməz amillərdən asılı olaraq dəyişir. Bu məsələdə xüsusilə yaşlılar diqqətli olmalıdır. Onlar dərman-alkoqol qarşılıqlı əlaqəsi üçün xüsusilə yüksək risk qruplarına daxildirlər. Bunun səbəbi, gənclərə nisbətən çox dərman qəbul etmələri, daha həssas olmaları ilə əlaqəlidir. Yaşlanma həm də orqanizmin alkoqolun parçalanma qabiliyyətini yavaşlatdığından, mənfi təsirlərin daha tez hiss olunmasına və spirtin qanda daha uzun müddət qalmasına səbəb ola bilər.

Həmçinin tez-tez istifadə olunan antibiotiklərlə orta dərəcədə spirt istifadəsinin (gündəlik 20-70 q spirt qəbulu // bir şüşə pivədə 20 q (0,5 L), bir şüşə şərabda 70-80 q, 70 rakıda 250 q) heç bir problem yaratmadığı düşünülür. Bununla belə, bəzi antibiotiklər (məsələn, furazolidon, griseofulvin, metronidazol) spirt ilə qəbul edildikdə ürəkbulanma, qusma, baş ağrısı və qıcolmalara səbəb ola bilər və ya sağalma müddətini uzadır. Eyni zamanda vərəmin müalicəsində istifadə edilən izoniazid dərmanı spirtlə qəbul edildikdə qaraciyərin zədələnməsinə gətirib çıxarır.

Bu dərman istifadəsi zamanı spirtli içkilərdən çəkinmək lazımdır:

Metronidazol,

tinidazol,

trimetoprim-sulfametoksazol.

Həmçinin adını aşağıda sadaladığımız bu dərmanları da qəbul edərkən spirt istehlakına qarşı diqqətli olmalısınız:

Ko-trimoksazol,

linezolid,

doksisiklin,

eritromisin.

Antidepresanlar qəbul edərkən ümumiyyətlə spirt istehlak etmək tövsiyə edilmir, çünki bu, depressiyanı daha da pisləşdirə bilər. Bu dərmanlar beyində təsir etdiyi siqnal molekullarına görə müxtəlif qruplara bölünür. Mütəxəssislər bildirir ki, yalnız spirt içə bilmək üçün antidepresan istifadə etməyi heç vaxt dayandırmaq olmaz. Dərmanı qəbul etməmək qripə bənzər simptomlar, elektrik şoku, qıcolmalar və ya bədəndə hisslər kimi qəfil çəkilmə simptomlarına səbəb ola bilər.

Parasetamol və ya ibuprofen kimi reseptsiz ağrıkəsicilərdən istifadə etsəniz, spirtli içkilərin orta dərəcədə qəbulu adətən risk yaratmır. Bununla belə, tramadol və ya kodein kimi yalnız reseptlə verilən ağrıkəsicilərdən istifadə edərkən spirt qəbulundan çəkinməlisiniz. Alkoqol bu dərmanların arzuolunmaz və potensial ciddi yan təsirlərinə səbəb ola bilər. Aspirin və ibuprofen mədə qıcıqlanması ilə nəticələnə bilər. Alkoqol mədəyə də qıcıqlandırıcı təsir göstərir. Odur ki, bu ağrıkəsiciləri müntəzəm olaraq istifadə etsəniz, mümkün xora və mədə qanaması riskinin qarşısını almaq üçün çox miqdarda spirt istehlak etməmək faydalı olardı.

Alkoqolun yüksək qan təzyiqi, infarkt, ürək çatışmazlığı və anormal ürək ritmi kimi xəstəliklərin müalicəsində istifadə edilən beta-blokerlərin təsirini azaltdığı düşünüldüyü üçün bu dərmanları istifadə edən insanların spirtli içkilərdən istifadə etməməsi tövsiyə edilir. Şəkərli diabet xəstələri də bilməlidirlər ki, spirt içdikdən dərhal və hətta 24 saatdan sonra qan şəkərini azaldır. Tez-tez istifadə edilən diabet dərmanlarından biri olan metforminin spirt ilə qəbul edildikdə nadir hallarda ciddi yan təsirlərə səbəb ola biləcəyi qeyd olunur. Alkoqol ilə qəbul edildikdə insanda ürəkbulanma, halsızlıq kimi yan təsirlər yarana bilər.

Bir qayda olaraq, hər hansı reseptlə və ya reseptsiz dərman vasitəsinin spirtlə mümkün qarşılıqlı təsirinin olub-olmadığını başa düşmək üçün dərmanların istifadə məlumatı (etiketləri) oxumalı və müvafiq həkim/əczaçı ilə məsləhətləşməlisiniz.


Etiketlər:  İçki qəbul edərkən dərmanlardan istifadə etmək olmaz Orqanları sıradan çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ