Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəniyyətlərarası Dialoq Forumunda 105-dən çox ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək

Mədəniyyətlərarası Dialoq Forumunda 105-dən çox ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək

Tarix: 1 May 2019 14:35

Bakı. Trend:

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı 21-dən çox tədbir keçiriləcək. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

Trend-in məlumatına görə, bunu mayın 1-də Bakı Konqres Mərkəzində Forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib.

Bildirib ki, tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

V.Eyvazzadə vurğulayıb ki, ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb: "Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq. 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək”.

Bundan başqa, Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda 2 gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Qeyd edilib ki, Forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mədəniyyətlərarası Dialoq Forumunda dən çox ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ