Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 11:38
Biz Rusiyanın Ukraynaya hücumunun əleyhinəyik.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İtaliya mediasına müsahibədə deyib.
O bildirib ki, İran ilk gündən Ukrayna müharibəsi ilə bağlı aşkar mövqe nümayiş etdirib: "Rusiyanın Ukraynaya hücumunun əleyhinəyik. İlk gündən çalışdıq ki, müharibəni dayandıraq və tərəflər arasında siyasi danışıqları başladaq. İndiyədək 3 dəfə Ukrayna XİN başçısı və dəfələrlə Rusiya XİN başçısı ilə bu barədə danışıqlar aparmışıq".
Hüseyn Əmir-Abdullahian qeyd edib ki, Ukrayna böhranının həll yolu müharibə deyil, müzakirədir.
O, İranın Rusiyaya PUA-lar (Pilotsuz Uçuş Aparatları) verməsi ilə bağlı məsələyə də toxunub. Nazir bu məlumatı inkar edib:
"Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız var, lakin Ukrayna müharibəsində münaqişə tərəflərinin heç birinə yardım etmirik. Çünki düşünürük ki, bu müharibə dayandırılmalıdır".
Əmir-Abdullahian qeyd edib ki, bu müharibənin əsas problemlərindən biri Qərb ölkələri və ABŞ-ın bəzi silah istehsalçılarının öz məhsullarını satmağa çalışmasıdır:
"Biz münaqişənin alovlanmasına səbəb olacaq hər bir addımdan çəkinirik və müharibəni dayandırmaq üçün çalışacağıq".
Nazir Rusiya Prezidentinin Tehran səfəri zamanı da Ukrayna məsələsinin müzakirə olunacağını və müharibənin dayandırılması yolları barədə fikir mübadiləsi aparılacağını əlavə edib.