Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 14:08
"Hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var idi".
Sonxeber.net Apasport-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə çempionu "Sürix"lə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis "Azersun Arena"nın mətbuat zalında baş tutan tədbirdə komandasının sabahkı matça hazırlığını dəyərləndirib: "Rəqibin son oyunlarını təhlil etmişik. Onların "Yanq Boyz"la (0:4) son matçdakı hesabı aldadıcı ola bilər. Fərqli sistemdə çıxış edirlər. Son illər, bəlkə də, ən çox diqqət etməli olduğumuz oyundur. Rəqibi yaxından tanımırıq. Oyunun gedişində tanıyacağıq. Adətən ilk görüşdən sonra rəqibi daha yaxından tanımaq olur. "Sürix" sona 4 tur qalmış İsveçrə çempionu olan komandadır. Bu da onların gücündən xəbər verir. Hücumda oynamaq öz yerində, amma müdafiədə də həddən artıq diqqətli olmalıyıq. Meydanda öz oyunumuzu düşünməklə yanaşı, rəqibin də əks-hücumlarına hazırlıqlı olmalıyıq".
- "Sürix"in heyətində ciddi dəyişikliklər olub, həmçinin baş məşqçi dəyişib. Onlardakı itkilər "Qarabağ"a hər hansı üstünlük qazandırır?
- Dəyişikliklərin həm mənfi, həm də müsbət tərəfi olur. Hazırkı baş məşqçiləri təcrübəli mütəxəssisdir. Uzun müddət Avstriya millisinin sükanı arxasında olub. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemlərindən əl çəkmir. Yeni baş məşqçi həm 4-lü, həm də 5-li müdafiə sistemindən yararlanır. Avropadakı klublar elə səviyyədədir ki, gedənlərin yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik. Və ya "Sürix"ə rahat qalib gələ bilərik düşüncəsi ola bilməz. Yeni baş məşqçi bəlkə onları daha da stimullaşdırıb. Bizdə bu qədər dəyişiklik olsaydı, bəlkə təsir edərdi. Əsas qol silahları ayrılsa da, hücum potensialları böyükdür. Onların irəlidə oyunu tam fərqlidir. Ola bilər ki, ilk matçda tanımaq baxımından çətinlik çəkək. "Sürix"i oyunun gedişində daha yaxşı tanıyacağıq. Rəqibdə kiminsə getməsini düşünmək bizə mane ola bilər. Özümüz yaxşı olmalı və oyun üslubumuzu qoruyub saxlamalıyıq.
- Yeni transferiniz Julio Romaoya sabahkı oyunda şans verəcəksiniz? Ümumiyyətlə, onu komandadan ayrılan Patrik Andrade ilə müqayisə edə bilərsiniz?
- Ona bir gün baxa bildik. Romaoya qədər Yankoviçi də transfer etmişdik. Amma yenə də görürdük ki, əlavə bəzi mövqeləri gücləndirməyə ehtiyacımız var. Gətirdiyimiz oyunçuya "Patrik Andrade kimi oynamalısan", deyəcəyiksə, ondansa gətirməmək yaxşıdır. Romao fərqli oyunçudur. Onun üstün cəhətlərindən yararlanmağa çalışacağıq. Bura gələn futbolçunun ustalıq səviyyəsini daha da yaxşılaşdırmağa çalışırıq. Avropadan gəlməsinə baxmayaraq, Çempionlar Liqası təcrübəsi tam başqadır. Bu turnirə uyğunlaşmaq o qədər də asan deyil. Canlı gördükdən sonra onunla bağlı təəssüratlarınız daha yaxşı olacaq.
- Komandada arxayınlıq olmasından ehtiyatlanmırsınız?
- İnanmıram, hələ yeni başlamışıq. Bu turnirin nə dərəcədə ciddi olduğunu bilirik. Çempionlar Liqası bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çempionlar Liqası futbolda bir nömrədir. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyunundan daha yaxşısını etsinlər.
- Biletlərin hamısı satılıb. Bakının istisi və "Lex" üzərində qələbənin yaratdığı motivasiyanı nəzərə alsaq, "Qarabağ"ı favorit saymaq olar?
- Biletlərin satılması azarkeşlərin bizə olan inamını göstərir. Amma heç vaxt kimisə digərindən üstün saymamışam. Üstünlüyümüz odur ki, Bakıda, doğma azarkeşlərimiz qarşısında oynayırıq. Həddən artıq motivasiya da futbolçunu "yandıra" bilər. Ən böyük narahatlığım budur. Həddən artıq motivasiya sarı, qırmızı vərəqə riskini artırır. "Sürix" də ölkəsinin çempionudur. Şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. İstərdim ki, hətta çempionat oyunlarımızda da böyük azarkeş kütləsi olsun. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir. Bizim azarkeşlərimiz bir nömrədir. Ötən matçda da bunun şahidi olduq. Hətta məğlub olsaq belə, çalışacağıq ki, azarkeşlərimiz o mübarizəni, istəyi görsünlər, razı getsinlər.