Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 17:39
Rəsmi İrəvan ya könüllü şəkildə öz ordusunu Ermənistana qaytaracaq, ya da Azərbaycan ordusu onları qısa müddətdə qovacaq... Ancaq Azərbaycan ordusunun istənilən halda, ən azından antiterror əməliyyatlarına başlama ehtimalı tamamilə realdır...
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Cənubi Qafqazda proseslər böyük sürətlə cərəyan edir. Bütün hadisələr zəncirvari xarakter daşıyır. Ona görə də, geopolitik situsiya davamlı dəyişikliyə məruz qalır. Və bu dəyişikliklərdə 44 günlük II Qarabağ savaşından sonra regionda hökm sürən fərqli geopolitik şərtlər həlledici rol oynayır.
Burada əsas məqam ondan ibarərdir ki, hazırda Cənubi Qafqazda bütün geopolitik şərtlər məhz Azərbaycanın siyasi iradəsi altındadır. Yəni yeni geopolitik şərtlərin icrasını rəsmi Bakı diqtə edir və öz nəzarəti altında saxlayır. Ona görə də, indiki situasiyada Cənubi Qafqaz müəyyən mənada, məhz rəsmi Bakı tərəfindən idarə olunur.
Təbii ki, Ermənistan regionda "zəif bənd" rolunda çıxış etmək məcburiyyətindədir. Çünki, məğlub ölkələr belə məcburiyyətə məhkum olurlar. Son vaxtlara qədər rəsmi İrəvan bu situasiyadan çıxmaq üçün beynəlxalq himayədarların dəstəyindən yararlanmağa çalışırdı. Ermənistan regionda başladılmış sülh prosesini pozmağa cəhd göztərməklə, "geopolitik oyunçu" statusuna keçid edə biləcəyinə ümid bəsləyirdi.
Ancaq rəsmi Bakı növbəti dəfə buna imkan vermədi. Azərbaycan Prezidenti İlham Əliyev öz açıqlamaları ilə Ermənistana durmalı olduğu yeri xatırlatdı. Üstəlik, Azərbaycan lideri rəsmi İrəvana həddini aşacağı təqdirdə, Ermənistanı gözləyən təhlükə ilə bağlı diplomatik şəkildə xəbərdarlıq etdi. Və bundan sonra rəsmi İrəvan yenidən real hərbi-siyasi təhlükənin verə biləcəyi nəticələri nəzərə almaq məcburiyyətində qaldı.
Məsələ ondadır ki, Rusiyanın himayəsinə güvənib, "cəsarətlənən" rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni qalan Ermənistan ordusunun qalıqlarının tərkibinin bundan sonra müqaviləli əsgərlər hesabına formalaşdırılacağını bəyan etmişdi. Halbuki, 10 noyabr üçtərəfli anlaşmasına görə, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxartmalıdır. Və rəsmi İrəvan indiyə qədər bu öhdəliyini yerinə yetirməyib.
Ona görə də, Azərbaycan Prezidenti bununla bağlı Ermənistana sərt xəbərdarlıq etdi. Ermənistan ordusunun Azərbaycan ərazisində qalmasının yolverilməz olduğunu vurğulayan Prezident İlham Əliyev rəsmi İrəvana "ya silahlı birləşmələrinizi çıxarın, ya da bunu etməyəcksinizsə, bizə açıq şəkildə bildirin" mesajını verdi. Və bununla da, Ermənistan silahlı birləşmələri çıxarılmayacağı təqdirdə, bu problemi Azərbaycan ordusunun birtərəfli qaydada həll edəcəyinə eyham vurdu.
Digər tərəfdən, Azərbaycan lideri açıq şəkildə Rusiyanı da hədəfə aldı. Çünki, Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi rəsmi Bakıya Ermənistan silahlı birləşmələrinin Xankəndi və ətraf bölgədən çıxarılacağı vaxtı belə, dəqiq bildirsə də, bu vəd yerinə yetirilməyib. Prezident İlham Əliyevin bu məsələni qabartması isə dolayısı ilə Ermənistana Rusiyanın dəstəyinə ümid bəsləməyin yersiz olduğuna yönəlik mesaj idi.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlıq mesajları artıq konkret nəticə verməyə başlayıb. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu məsələnin tezliklə həll ediləcəyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunun bir sıra bölmələri "müdafiə ordusu"na kömək üçün Dağlıq Qarabağa daxil olmuşdu: "Atəşkəsdən sonra isə onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq".
A.Qriqoryanın sözlərinə görə, "artsax"dakı ermənilərin təhlükəsizliyi Rusiya sülhməramlı qüvvələri tərəfindən təmin ediləcək. Əslində, o, bunu deməklə, Ermənistanın daha "artsaxa" hərbi-siyasi dəstək verə bilməyəcəyini dolayısı ilə etiraf etmiş olur. Və bununla da, bölgədəki erməni separatçıların gələcək taleyinin məhz Azərbaycanın dövlət orqanlarının verəcəyi qərarlardan asılı olduğuna şübhə yeri qalmır.
Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistan silahl birləşmələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmağı qaçılmazlığı ilə artıq barışıb. Hətta Paşinyan hakimiyyəti anlayır ki, bu problemin həllini daha uzatmaq olmaz. Çünki, bu halda, beynəlxalq hüquq normalarını da öz arxasına alan, Rusiyanı isə oyundankənar vəziyyətə salan rəsmi Bakı Azərbaycan ordusunu hərəkətə gətirəcək. Və Ermənistan yenə də Azərbaycan ordusu qarşısında təkbaşına qalacaq.
Bütün bunları nəzərə aldıqda, rəsmi Bakının öz hədəfinə çatmaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Hər halda, A.Qriqoryanın da dediyi kimi, sentyabr ayına qədər Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələrindən tamamilə təmizlənmə ehtimalı artıq inandırıcı görünür. Yəni, rəsmi İrəvan ya könüllü şəkildə öz ordusunu Ermənistana qaytaracaq, ya da Azərbaycan ordusu onları qısa müddətdə qovacaq.
Ancaq Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarıldıqdan sonra belə, rəsmi Bakının hərbi əməliyyat qərarı verə biləcəyi qətiyyən istisna deyil. Çünki, Xankəndi və ətraf bölgədəki erməni separatçıları da Azərbaycan ərazisindən çıxartmaq lazım kələcək. Bunun üçün isə silahlı erməni terrorçu dəstələrinin tərksilah edilməsi vacibdir.
Bütün bunları nəzərə aldıqda, bu ilin payızında Azərbaycan ordusunun ən azından antiterror əməliyyatlarına başlama ehtimalı qətiyyən istisna deyil. Rəsmi Bakı ermənilərin Azərbaycana qarşı yaratdığı problemləri ən qısa zamanda həll etmək niyyətində tamamilə qərarlı görünür. Bu baxımdan, hesab etmək olar ki, silahlı erməni terrorçuları payizda sayıla bilər.