Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 15:56
Sonxeber.net yeni müsavat-a istinadla bildirir ki, Türkiyənin böyük səyi nəticəsində İstanbulda Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair əldə olunan razılaşma dünya bazarında dərhal əksini tapıb. Razılaşmadan ötən 2 gün ərzində taxılın qiymətləri Ukraynada müharibə başlayandan 14 gün əvvəlki - 10 fevraldakı səviyyəyə düşüb. Çikaqo əmtəə birjasında buğdanın qiyməti 6 faizədək ucuzlaşıb. Birjada iyul ayına olan buğda fyuçersləri 10 fevraldan bəri ən aşağı həddə - 1 buşel üçün 7,50 dollara düşüb.
Xatırladaq ki, İstanbulda əldə olunan razılaşmaya əsasən, Ukraynadan çıxan gəmilərə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri birlikdə baxış keçirəcəklər. Yükü İstanbulda boşaldıb qayıdan gəmilərə də eyni qaydada, silah daşınmaması üçün nəzarət olunacaq.
Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabında yerləşdirilən məlumatda qeyd olunur ki, İstanbulda formalaşdırılan dördtərəfli mərkəz tərəfindən Ukrayna taxılının dünya bazarına çıxarılması istiqamətində işlər davam etdirilir. Mərkəz Türkiyə MMN-in universitetində, İstanbulun Bosfor sahilindəki Levent rayonunda yerləşir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun dediyinə görə, Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini üçüncü tərəf təmin edəcək. Onun sözlərinə görə, bu, yaxın vaxtlarda müəyyən ediləcək: "İstanbulda biz razılığa gəldik. Ukrayna minalardan təmizləmə ilə məşğul olacaq və açıq dənizə gəmilər buraxacaq. Rusiya, Türkiyə və müəyyən ediləcək daha bir iştirakçı gəmini Bosfora qədər müşayiət edəcək".
Qeyd edək ki, S.Lavrov iyulun 24-27-də Yaxın Şərq və Afrika ölkələrinə səfərə gedib. İlk olaraq Misirdə görüşlər keçirən rusiyalı nazir bildirib ki, ölkəsinin taxıl ixracatçıları öz öhdəliklərinə sadiqdirlər. Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsulları ixracatçıları ixracın dayanmaması, böyük fasilələrin yaranmaması üçün onlardan asılı olan hər şeyi edirlər, bundan sonra da edəcəklər. Lavrov Misirdən sonra Efiopiya, Uqanda və Konqoya gedəcək. Rusiya XİN rəhbərinin bu səfərinə son həftələrdə Yaxın Şərq və Afrika ölkələrində Rusiyaya qarşı müşahidə olunan narazılıqlar səbəb olub. Belə ki, Rusiya taxılının ən böyük alıcıları olan bir sıra Yaxın Şərq və Afrika ölkələri son vaxtlar taxıl alışı hərraclarına Rusiya şirkətlərini buraxmırlar. Məsələn, Misir iyul ayında keçirdiyi iki hərraca Rusiya taxılını təklif edənləri buraxmayıb. Bu prosesi narahatlıqla izləyən Moskvanın həmin ölkələrlə təmasa keçməsi təsadüfi deyil.
Ümumiyyətlə, Moskvanın İstanbul razılaşmasına getməsinin səbəbləri hazırda ən çox müzakirə olunan məsələlərdən biridir. Üstünlük verilən variant Rusiyanın öz kənd təsərrüfatı məhsulları və gübrəsinin ixracında yaranan problemləri aradan qaldırmaq üçün bu addıma getməsidir. Belə ki, 2021-2022-ci il mövsümündə Rusiyanın buğda ixracı 33 milyon ton təşkil edib. Halbuki yanvar ayında ölkənin Kənd Təsərrüfatı Nazirliyi bu həcmin 38 milyon ton olacağını proqnozlaşdırmışdı. İxracın azalmasında sanksiyaların təsiri mühüm rol oynayır. Bu il Rusiyada rekord həcmdə taxıl, o cümlədən buğda istehsalı gözlənilir. Ölkənin 2022-2023-cü il mövsümündə ixraclıq buğda həcmi 39-40 milyon ton qiymətləndirilir. Qərbin sanksiyalarının yaratdığı problemlər bu həcmin mühüm hissəsinin ixracını mümkünsüz edirdi. Əslində bu sanksiyalar birbaşa olaraq Rusiyadan ərzaq məhsulları və gübrələrin ixracını qadağan etmir. Lakin banklara, sığorta şirkətlərinə qoyulan qadağalar nəticəsində Rusiyadan ixracın maliyyələşdirilməsi, ixrac olunan yüklərin, ixrac nəqliyyat vasitələrinin sığortalanması mümkün olmur. Eyni zamanda Aİ Rusiya gəmilərini öz limanlarına buraxmır, Rusiya da İttifaq gəmilərinə qarşı eyni addımı atıb. Bu da Rusiya limanları ilə ixracın həcminin kəskin azalmasına səbəb olub. İxracın məhdudlaşması fonunda Rusiyada son bir ayda taxılın qiymətində kəskin ucuzlaşma gedib. İyun ayından yığım prosesi başlayıb və istehsalçılar ölkədə qalıq məhsulun 20 milyon tona yaxın olması şəraitində qiymətlərin dibə yuvarlanacağına dair xəbərdarlıqla çıxış ediblər. Rusiya Taxıl İttifaqının yaydığı məlumata görə, ənənəvi bazarlara ixracın kəskin məhdudlaşması nəticəsində daxili bazarda qiymətlərin düşməsi Rusiya taxıl istehsalçılarının növbəti il istehsalda maraqlı olmamalarına gətirib çıxaracaq. Bu isə yaxın 3 ildə ölkənin dünya bazarındakı mövqeyinin itirilməsinə səbəb ola bilər.
Buna görə də Rusiya məqsədyönlü şəkildə Ukrayna taxılının dünya bazarına əsas çıxış yolunu bağlayaraq öz taxılının ixracına yaranan maneələrin aradan qaldırılmasına çalışırdı. Türkiyənin təşəbbüsü, bu baxımdan, Rusiya üçün göydəndüşmə oldu. Çünki son vaxtlar Qərb Ukrayna taxılının Qara dənizdənkənar ixracını getdikcə sürətləndirirdi. Eyni zamanda Ukraynada yeni məhsulun saxlanması üçün mobil anbarların yaradılmasına yüz milyon dollara yaxın vəsait ayrılıb. Rusiya görürdü ki, 1-2 aydan sonra artıq Ukraynanın taxıl ixracında limanlardan asılılığı minimuma enəcək. Bütün bunlar İstanbul razılaşmasının bu məsələdə Moskvanın uğuru kimi qiymətləndirilməsinə imkan verir. Razılaşmadan dərhal sonra məlum oldu ki, Aİ sanksiyalarda Rusiyanın ərzaq məhsulları və gübrə ixracına mane olan məqamlar üzrə güzəştlərə hazırlaşır. Bura ilk növbədə Rusiyanın aparıcı bankları olan VTB (VTBR.MM), Sovcombank, Novikombank, Otkritie FC Bank, VEB, Promsvyazbank və Bank Rossiyaya məxsus bəzi aktivlərin üzərindən sanksiyaların götürülməsi aiddir. Söhbət kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün istifadə olunan aktivlərdən gedir. Gözlənilən düzəlişlərə əsasən, Rusiyanın ən böyük bankı olan Sberbank (SBER.MM) də ərzaq ticarəti üçün lazım olan resurslar istisna olmaqla, sanksiyaya - aktivlərinin dondurulmasına məruz qalacaq. Bankın aktivləri "vəsaitin və ya iqtisadi resursların kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən buğda və gübrələrin alınması, idxalı və ya daşınması üçün zəruri olduğu müəyyən edildikdən" sonra istifadəyə buraxıla bilər. Yeni düzəlişlərə əsasən, Aİ, həmçinin sanksiyalardan sonra treyderlərin xidmətini dayandırdığı Rusiya limanlarından ərzaq ixracının asanlaşdırmasına yardımı da planlaşdırır.
Aİ-nin Rusiyaya qarşı sanksiyalarına müəyyən dəyişiklik etməsinin arxasında İstanbulda əldə olunan razılaşmanın dayandığını Rusiya prezidenti Vladimir Putinin İranda səfərdə olarkən verdiyi açıqlamadan da aydın görmək olur. Putin bildirib ki, ölkəsi Rusiya taxılının ixracına qarşı bütün maneələr aradan qaldırılacağı təqdirdə Ukrayna taxılının limanlardan ixracına dəstək verəcək: "Türkiyə Respublikası, şəxsən prezident Ərdoğan Ukrayna taxılının çıxarılması üçün razılaşmanın əldə olunması üçün çox səylər göstərdi. İlk əvvəldən bizim şərtimiz bu oldu ki, problem paket halında həll olunmalıdır: daha dəqiqi, Rusiya taxılının ixracına mane olan bütün əngəllər aradan qaldırılır və biz Ukrayna taxılının ixracına dəstək veririk".
Putin onu da qeyd edib ki, Ukrayna taxılı ilə bağlı problemin paket həlli məsələsi ilkin mərhələdə Rusiya ilə beynəlxalq təşkilatlar arasında razılaşdırılıb: "Onlar öz üzərlərinə məsələnin paket həlli variantına dair öhdəliklər götürdülər. İndiyədək heç bir tərəf, o cümlədən bizim ABŞ-dakı tərəfdaşlarımız bu varianta hər hansı etiraz bildirməyiblər. Görək yaxın gələcəkdə bundan nə alınacaq".
Rusiya prezidenti xatırladıb ki, artıq ABŞ Rusiyadan gübrə və ərzaq ixracına mane olan sanksiyaları aradan qaldırıb: "Bildiyiniz kimi, Rusiya gübrələrinin dünya bazarına çıxmasına yönəlik ABŞ sanksiyaları faktiki olaraq aradan qaldırılıb. Ümid edirəm ki, eyni addım Rusiya taxılına qarşı da atılacaq".
Razılaşmanın Ukrayna üçün ən mühüm əhəmiyyəti ölkəyə irihəcmli gəlirlərin gəlməsinə səbəb olmasıdır. Belə ki, müharibə başlayandan Ukrayna limanlarında qalan 80-dək gəmidə 22 milyon ton taxıl var. Ukrayna prezidenti Volodimir Zelenskinin dediyinə görə, taxıl dəhlizi ilə çıxarılacaq kənd təsərrüfatı məhsullarının satışından ölkəsi 10,5 milyard dollar gəlir əldə edəcək. Bu, ağır şərtlər altında işğalçıya qarşı müdafiə olunan ölkə üçün kifayət qədər böyük vəsaitdir.
Kənd təsərrüfatının mövcud vəziyyəti müzakirə edilib
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ekspertlərinin fikrincə, Ukraynada yığılıb qalan taxılın hamısı sürətlə dünya bazarına daxil olarsa, bu, qiymətlərin kəskin ucuzlaşmasına gətirib çıxarar: "Əgər bu gün çatışmayan 3 milyon ton əvəzinə, bazara 5 milyon ton buğda çıxarılsa, qiymətlər çox kəskin aşağı düşər. Bu zaman enerjidaşıyıcılarının qiymətinə görə bahalı gübrələrdən istifadə edən fermerlər ciddi çağırışlarla üzləşərlər. Buna görə də Ukraynadan çıxarılacaq taxılla bağlı hansı addımların atılmasını əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bu addımlar həmin taxılın bazara tədricən çıxarılmasını təmin etməlidir".
Ekspertlər Ukraynadan çıxarılan taxıl hesabına fövqəladə vəziyyətlərdə istifadə olunacaq xüsusi ehtiyatların formalaşdırılmasını təklif edirlər.
Lakin qeyd etmək yerinə düşər ki, bu il Kanada, ABŞ, Argentina, Rusiya kimi ölkələrdə buğda istehsalında qeydə alınan böyük məhsuldarlıq iyunun ortalarından etibarən dünya bazarında bu məhsulun qiymətinin ucuzlaşmasını şərtləndirib. İyulun 1-i üçün 1 ton buğdanın qiyməti 360-370 dollara qədər ucuzlaşıb, yaxın aylarda bu prosesin davam edəcəyi gözlənilir. İstanbulda əldə edilən razılaşma dolayı yolla da taxıl qiymətlərinin ucuzlaşmasına səbəb olacaq. Buna Rusiyadan gübrə ixracına yarana maneələrin aradan qaldırılması gətirib çıxaracaq. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda qlobal gübrə bazarında yaranmış tədarük çatışmazlığı bu məhsulun qiymətini rekord həddə çatdırıb. Məlumata görə, son 1 ildə əmtəə birjalarında təkcə azot gübrəsinin 1 tonu 250 dollardan 700 dollara qədər bahalaşıb. Gübrə istehsalında istifadə olunan ammonyak, azot, nitrat, fosfat, kalium və sulfat isə 30 faizə qədər bahalaşıb.
Dünyada ən çox istehlak olunan azot gübrələrinin ən böyük ixracatçısı Rusiyadır. Bu ölkə ötən il dünya bazarını 25 faiz ammonyak, 14 faiz karbamid və 42 faiz karbamid-ammonyak qarışığı (UAN) ilə təmin edib və bundan 12,5 milyard dollar qazanıb. Kalium gübrələrinin əsas istehsalçıları Kanada, Rusiya və Belarusdur. Ötən il bu məhsulun 60 faizini dünya bazarına onlar çıxarıb. Lakin ötən ilin dekabrından ABŞ-ın tətbiq etdiyi sanksiyalar üzündən Belarusun gübrə ixracı minimuma enib. Hazırda Minsk məhsulunu Rusiya üzərindən Asiya bazarlarına yönəltməyə çalışır. Belarusun bazardan çıxması nəticəsində kalium gübrələrinin 1 tonu 1100 dollara qədər bahalaşıb. Bu şəraitdə Rusiya gübrələrinin dünya bazarına yolunun açılması qiymətlərin düşməsinə, bu isə son məhsulun - taxılın maya dəyərinin azalmasına gətirib çıxaracaq.