Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti Əliyev-Paşinyan görüşü nələri dəyişəcək?

Növbəti Əliyev-Paşinyan görüşü nələri dəyişəcək?

Tarix: 28 Iyul 2022 15:15

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün hazırlanması barədə məlumatlar yayılıb.

Həmin məlumatların qaynağı Ermənistan rəsmiləridir və hələ rəsmi Bakı bu barədə hansısa təsdiq, ya da təkzib yaymayıb. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan deyib ki, iki ölkə liderlərinin görüşünün keçirilməsi haqda danışıqlar gedir, bu artıq dəqiqdir, amma konkret vaxtı deyə bilməz.

Təcrübədən deyə bilərik ki, Ermənistan iqtidarında monolitlik olmaması səbəbindən dövlətə aid informasiyalar ətrafa tez sızır, adətən bu cür iddialar doğru çıxır. Biz də bu iddianın doğru ola biləcəyi versiyasından yola çıxaraq, onu təhlil etmək qərarına gəldik. Öncə kiçik bir statistikaya nəzər salaq: postmüharibə dövründə Rusiya lideri Putinin və Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi, təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında bir neçə üçtərəfli görüş keçirilib. Xüsusilə Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə kommunikasiyalar, qarşılıqlı etimad mühitinin yaradılması, əməkdaşlıqla bağlı anlaşmalar əldə olunub, Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb. Bundan sonra Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşlər olub.

Tərəfli və tərəfsiz ekspertlərin rəylərinə görə, indiyə qədər keçirilən bütün görüşlərdə üstünlük və uğur Azərbaycanda olub. Bu da haqlı tərəfin kim olması göstəricisi sayılmaqla yanaşı, Azərbaycan diplomatiyasının üstünlüyü, daha yüksək səviyyəli fəaliyyət qura bilməsi, eyni zamanda da ölkəmizin bütün kriteriyalar üzrə daha güclü olması səbəbindəndir. Bu görüşlər sayəsində diplomatik yolla müəyyən məsafələr qət olunub. Delimitasiya-demarkasiya üzrə komissiyalar qurulub, bir sıra istiqamətlər üzrə birbaşa təmaslar, kommunikasiyalar yaradılıb. Lakin əsas məsələ hələ də öz növbəsini gözləyir -  məğlub Ermənistan qalib Azərbaycanla sülh müqaviləsinə imza atmaqdan, Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqdan, ərazimizdə yuva salmış silahlı terrorçuları çıxartmaqdan (10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndini yerinə yetirməkdən) yayınır. Hər görüşdən sonra baş nazir Paşinyan Ermənistan parlamentində emosional çıxışlar edir, xalqa, müxalifətə və tərəfdarlarına vəziyyəti açıq şəkildə izah edir, Azərbaycan mediası bu barədə manşetlər yayır, ictimai rəydə ''...nəhayət'' rədifli rəylər yaranır, lakin sonra hər şey yenə ''ermənicə'' olur...

Xatırladaq ki, Əliyevlə Paşinyan sonuncu dəfə bu il mayın 22-də, ondan əvvəl isə aprelin 6-da Brüsseldə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəliblər. Bu dəfə nə gözlənilir? Belə görüşlərin faydaları nədir, zərərləri varmı? Əsas suallardan biri də budur: Əliyev - Paşinyan görüşünün növbəti raundunun təşəbbüskarı kimdir? Rusiya, yoxsa Avropa İttifaqı? Hansı olsa, Azərbaycana daha faydalıdır? Bu suallarla ölkəmizin tanınmış ekspertlərinə müraciət etdik. Onlardan bir xahişimiz də oldu - indiyə qədər olan görüşlərdə əldə edilən ən yaxşı nəticə hansıdır, onu da şərh etsinlər.

Deputat Elman Nəsirov "Yeni Müsavat"a qeyd etdi ki, görüşün keçirilməsinin mümkünlüyü haqda erməni tərəfi xəbər yayıb, lakin vaxt göstərilməyib: "Sadəcə, bu günə qədər keçirilmiş görüşlərlə bağlı ilkin mülahizələr irəli sürmək olar. Əvvəla, Azərbaycan Prezidenti 6 ayın yekunları ilə bağlı keçirilən iclasda vurğuladı ki, sərhəd komissiyaları yaradılıb, Brüsseldə və Moskvada görüşlər keçirilib. Bunlar pozitiv addımlardır. İkinci müsbət qiymətləndirilməli olan hadisə Azərbaycanın 5 bəndlik təklifinin qəbul edilməsidir. Lakin praktik olaraq irəliləyiş qeydə alınmayıb. Üçüncü müsbət hal liderlərin təkbətək, tet-a-tet görüşməsidir. Həmçinin Tiflisdə xarici işlər nazirləri üzbəüz görüşüblər, ardınca liderlər səviyyəsində görüşün olması da mümkündür. Azərbaycan Prezidenti real danışıqlara getməyin tərəfdarıdır, amma Ermənistan sülh müqaviləsi ilə bağlı komissiya formalaşdırmır, halbuki bizdə var, onlardan da gözləyirik. Ona görə Brüsselin və Moskvanın vasitəçiliyi ilə görüşlər olur, ilkin vədlər verilir, son nəticədə İrəvan ümidlərin üstündən xətt çəkiləcək mövqe ortaya qoyur".

E.Nəsirovun sözlərinə görə, Paşinyan daha çox revanşistlərin davranışlarına, daxili auditoriyaya baxaraq siyasət yürüdür və prosesə kölgə salan addımlar atır: "Bir yandan baza prinsiplərini qəbul edir, Sərhəd Komissiyası yaradır, digər tərəfdən Minsk Qrupunun bərpası ilə bağlı bəyanat yayırlar, "status"la bağlı ortaya mövqe qoyurlar. Bu da qarşıdakı proseslərə bədbinliklə yanaşmağa əsas yaradır. Sadəcə, Ermənistan bilməlidir ki, konfrontasiya, qarşıdurma üçüncü müharibəyə gətirib çıxara bilər. O zaman Ermənistan buna hazırdırmı? Erməni ordusu müzəffər Ordumuzla döyüşmək qabiliyyətinə malikdirmi? Ona görə də Paşinyanın radikal addımlar atmasının vaxtı çatıb və sülh, Ermənistanın nicatı naminə buna getməlidir".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin fikrincə, görüşlərdən yayınmaq olmaz və rəsmi Bakının mövqeyi dəyişməzdir: "Amma Paşinyanın əsas məqsədi vaxtı uzatmaqdır. O, Avropadan maliyyə yardımı, Rusiyadan təhlükəsizlik qarantiyası alır, beləcə hakimiyyətinin ömrünü uzadır. Azərbaycan isə sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Odur ki, görüşlərdən qaçmaq, imtina etmək olmaz. Çünki əleyhimizə işləyə bilər. Ancaq antiterror əməliyyatlarına da hazır olmalıyıq. Ona görə ki, liderlərin görüşlərində müsbət qərarlar qəbul olunsa da, icra edilmir. Rusiya və İran da Ermənistana dəstəyini davam etdirir. Belə olan halda Paşinyan sülh yolu ilə məsələlərin həllini istəmirsə, deməli, biz güc yolu ilə problemlərə son qoymalıyıq".

Milli.Az


Etiketlər:  Növbəti Əliyev Paşinyan görüşü nələri dəyişəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ