Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qüvvət elmdədir, başqa cür dünyada baş saxlamaq çətindir – AMEA mövzusunda yazı

Qüvvət elmdədir, başqa cür dünyada baş saxlamaq çətindir – AMEA mövzusunda yazı

Tarix: 29 Iyul 2022 16:58

Həmişə olduğu kimi, qəbul edilən mühüm qərarlardan sonra yenə ölkənin mətbu gündəmində müxtəlif yozumlar var. Maraqlı qüvvələr, qruplar AMEA ətrafında baş verənlərlə bağlı ajiotaj yaratmağa, ritorik suallarla, hazır cavablarla ictimai rəyi yönəltməyə çalışırlar.

Sonxeber.net yeni müsavat-a istinadla xəbər verir ki, AMEA ilə bağlı vəziyyətdən danışarkən, öncə onu vurğulamaq lazımdır ki, dünyada heç bir siyasi, hüquqi, elmi təsisat əbədi deyil, vaxtaşırı onların adları, profilləri, daxili strukturları dəyişdirilir, modernləşdirilir, idarəetməsi mobilləşdirilir, köhnəlmiş rıçaqları yeni, müasir dövrün tələblərinə uyğun olaraq əvəzlənir və s.

Ölkənin baş elmi mərkəzində aparılan islahatlara bu yöndən baxsaq, bu qənaətə gələ bilərik ki, istiqmət düzgündür, burada əsas məqam elm və təhsilin inteqrasiyalı şəkildə inkişafına start verilməsidir. Yəqin ki, bu, islahatların başlanğıcıdır və proses davamlı olacaq, strateji xətt elmi mərkəzlərin ölkə üçün daha faydalı olmasına nail olana qədər ardıcıl davam edəcək.

Bu gün AMEA ətrafında baş verənlərdən danışanların çoxu hələ 3-4 il öncə Elmlər Akademiyasının sovet dövründən qalan təsisat olduğunu bildirir, onun ləğv edilməsinin vacibliyini qeyd edir, elm mərkəzini "təqaüdçülər klubu", "domino, nərd oynayanlar yuvası" adlandırırdılar. Amma indi val bir qədər dəyişib. Heç demə, AMEA-da aparılan islahatların məramı, məqsədi başqa imiş.

İndilikdə anlaşılan odur ki, AMEA heç də qələmə verildiyi kimi, ləğv edilməyəcək, yerində qalacaq, artıq institut, şöbələr kimi ballastlardan xilas ediləcək, yeni struktur yaradılacaq. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də deyib ki, elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: "AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlayiyyətlərini özündə saxlayır".

Birdən-birə bu qədər elm adamının, xüsusilə də ömrünü elmə həsr etmiş gənc alimlərin ixtisar edilərək kənara atılması düzgün olmaz, yəqin ki, bu aqibət onları gözləməyəcək. Əksinə, gənclərin elm sahələrinə yönəlməsini stimullaşdırmaq, onlar üçün əlverişli mənzil şəraiti ilə yanaşı, münasib və modern iş şəraiti (müxtəlif təyinatlı laboratoriayalar) yaratmaq qaçılmaz olacaq.

Dövlətin xaricə təhsil almaq istəyən gənclərə yenidən böyük maliyyə vəsaiti ayırdığı bu günlərdə əminliklə demək olar ki, ölkə iqtisadiyyatının elmi əsaslarla idarə olunması qətiyyən gözardı edilməyib və edilə bilməz. O dövlətin, ölkənin gələcəyi parlaq olacaq ki, onun elmi, təhsili digərlərindən üstündür.

Böyük şairimiz Nizami əbəs yerə deməyib:

"Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz".

Bu mövzuda danışarkən dünya təcrübəsinə də nəzər salmaq gərəkdir. Bu gün hər kəs müasir Yaponiyanın iqtisadi uğurlarının əsas qaynağının elmi-texniki tərəqqi olduğunu bilir.

Yaponiyada elm və təhsilə çox ciddi diqqət yetirirlər, alimlərin, ixtiraçıların yetişməsi üçün böyük maliyyə vəsaiti ayırır, gənc alimlərə, tələbələrə hər cür şərait yaradırlar və onlar uzun sürməyən vaxt kəsimində dövlətin, xalqın mənafeyi üçün mühüm elmi töhfələr verirlər.

Cənubi Koreyada elmə diqqət Yaponiya təcrübəsinə bənzəyir. Kanada, Almaniya, ABŞ, İsrail, İsveç, Finlandiya kimi ölkələr də həmin yolu gedir. Qardaş Türkiyənin vaxtilə elmi-texniki tərəqqiyə önəm verməsinin ölkənin hərbi potensialının güclənməsinə gətirib çıxardığını hamımız bilirik.

Çinin adı dünyada "kopyaçı" kimi çıxsa da, əslində bu işə də böyük elmi potensial, dərin təhsil lazımdır. Çinlilər cihazqayırmanın sirlərinə, nanotexnologiyaya vaqif olmasalar, qırıcı təyyarələri, sualtı qayıqları, onların orijinalı qədər mükəmməl düzəldə bilməzdilər.

Bəli, qüvvət elmdədir. Ona görə də dünyanın ən qədim elmlər akademiyaları hələ də öz mövcudluqlarını qoruyub saxlayırlar. Sadəcə, onlar da hər zaman öz daxillərində islahatlar həyata keçirirlər. Məsələn, 1666-cı ildə yaradılan Fransa Elmlər Akademiyası bir neçə dəfə islahatlar həyata keçirib. Sonuncu belə islahat 2002-2003-cü ildə aparılıb.

Ümumiyyətlə, elmi kəşflərinə görə Nobel mükafatı alan alimlərin, demək olar ki, hamısı hansısa Elmlər Akademiyasının üzvləri, elmi mərkəzlərin işçiləridir. Almaniyanın Berlin-Brandenburq Akademiyasının 80 alimi Nobel laureatıdır.

Bizdə də, nəhayət, bu sahədə elə bir islahat aparılmalıdır, elm və təhsilə elə diqqət və vəsait ayrılmalıdır ki, Elmlər Akademiyası gerçək bir elm mərkəzinə çevrilsin, "təqaüdçülər klubu" olmaqdan çıxsın.

Söhbət heç də alimlərin ölkəyə Nobel mükafatı gətirməsindən getmir, bizim alimlər ölkəmizin ümdə ehtiyaclarını ödəmək işinə töhfə versələr, yetər.


Etiketlər:  Qüvvət elmdədir başqa cür dünyada baş saxlamaq çətindir AMEA mövzusunda yazı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ